Həzrəti-Zəhra (s.ə)-nın fəzilətləri. «Kisa» və «Mübahilə» əhlindən biri sayılan Fatimə(s.ə) ən çətin dövrdə Allah yolunda hicrət edən, şərəfinə «Təthir» ayəsi nazil olan şəxsiyyətlərdəndir. Cəbrayıl da onlarla birgə ağlamasına fəxr etmişdi. Allah-təala onların paklıq və doğruluğuna şəhadət vermişdir. O, İmamların anası olmaqla yanaşı, Peyğəmbər(s)-in nəslinin ondan doğulub qiyamətə kimi davam edəcək yadigarıdır. Bu nurlu vücud əvvəldən axıra hər iki dünya qadınlarının xanımıdır. O, sözündə və danışığında həzrəti-Mühəmməd(s)-ə ən çox oxşayan şəxs idi. Onun əxlaq və həyat tərzi Rəsuli-əkrəm(s)-in həyat tərzi və əxlaqını xatırladırdı. Yerişi sanki Peybəmbər(s)-in yerişi idi. O, həmişə atasının yanına gələndə Rəsuli-əkrəm(s) qızını mehribanlıqla qarşılayar, əlindən öpər, nə zaman behişt ətrini duymaq istəsə idi, onu iyləyər və buyurardı: «Fatimə bədənimin parəsidir.Kim onu sevindirsə, məni sevindirib, kim ona pislik etsə, mənə pislik edibdir». «Fatimə mənə hamıdan əzizdir». Peygəmbər(s)-in Fatimə(s.ə)-yə olan sonsuz məhəbbətini ifadə etdirən «ya həbibətə əbiha»-kimi kəlamlarını misal göstərmək olar ki, bu da «ey atasının dostu və məhbubu» mənasındadır. Təbəri Şiyi İmam Baqir(ə.s)-ə, İmam da öz Cəddinə əsaslanaraq Fatimə(s.ə)-nin dilindən belə nəql edir ki, bir gün Allahın Rəsulu(s) mənə belə xitab etdi: «Ey atasının dostu və məhbubu! Hər bir məstedici haramdır və hər bir məstedici şərab sayılır».
|