Xeybər kəlməsi
qala, möhkəm hasar deməkdir. Mədinədən 120 kilometr şimalda yəhudilərin
sakin olduğu bir məntəqə vardı. Buranın sakinləri bir neçə möhkəm qalada
yaşayırdılar. Ona görə də bu yer Xeybər adlandırılırdı. Onların əkin
sahələri, xurma bağları, çeşmələri və yeddi möhkəm qalaları vardı. Bu
qalaların hər birinin öz adı vardı. Bu yeddi qüllədən ən məşhuru «Naim»
və «Qəmus» idi.
Tarixçilərin bildirdiyinə görə Xeybər əhalisinin sayı dörd minlə
iyirmi min arasında olmuşdur. Bir şey qətidir ki, yəhudilər
müsəlmanlardan bir neçə dəfə artıq olmuşlar. Çünki həmin dövrdə
müsəlmanların sayı min altı yüzü keçmirdi.
Hicri yeddinci ildə həzrət
Peyğəmbərin (s) göstərişi ilə müsəlmanlar Xeybərə doğru hərəkət etdilər.
İki-üç gün yol getdikdən sonra Xeybər ərazisinə çatdılar. Qala
kənarında düşərgə qurub, düşmənlə danışığa başladılar. Səhəri gün
yuxudan oyanan qala sakinləri müsəlmanları Xeybər ətrafında gördülər.
Onlar müsəlman qoşunun qorxusundan qalaların qapılarını bağladılar.
Həzrət Peyğəmbər iyirmi beş gün müddətində qalanı mühasirədə saxladı.
Həzrət qalanın qapısının açılması üçün birinci dəfə bayrağı Əbu-Bəkrə,
ikinci dəfə isə Ömərə verdi. Amma onlar yəhudilərlə döyüşə tab
gətirməyib geri çəkildilər».
İbn Əbil-Hədid
Əbu-Bəkr və Ömərin meydandan qaçması haqqında belə deyir:
Hər nəyi unutsam,
unutmaram mən,
Qaçmaq günah ikən qaçdız səhnədən.
Xeybər qalasının
fəthi üçün başqa cəngavərlər də göndərildi. Amma yəhudi döyüşçüləri ilə
kimsə bacara bilmədi. Belə uğursuzluqlar nəticəsində müsəlmanların
ruhdan düşdüyünü görən Peyğəmbər buyurdu: «Sabah bayrağı bir şəxsə
verəcəyəm ki, Allah və Peyğəmbəri (s) onu dost tutur, o da Allah və Onun
Peyğəmbərini dost bilir. O bir kəsdir ki, həmişə hücum etmişdir və
Allah onun əli ilə açılış etməyincə döyüş meydanından qaçmamışdır».
Həzrət Peyğəmbərin bu sözləri hamını təəccübləndirdi. Görən sabah qələbə
çalacaq kəs kim idi?
Əlinin (ə) misilsiz qəhrəmanlığı hamıya mə’lum olduğu halda,
əfsus ki, çoxları özü haqqında danışıldığını güman edirdi. Amma bir
nöqtəni də qeyd etmək lazım gəlir ki, həmin vaxt həzrət Əlinin (ə)
gözləri ağır xəstəliyə yoluxduğundan onun bu döyüşdə meydana çıxacağı
ehtimal olunmurdu. Bu baxımdan Peyğəmbərin həzrət Əli (ə) haqqında
danışdığını anlamayanları üzürlü hesab etmək olar.
Nəhayət, və’d
olunmuş gün gəlib çatdı. Həzrət Peyğəmbər (s) buyurdu: «Əli haradadır?»
Ərz etdilər ki, Əlinin (ə) gözləri ağrıyır. Həzrət buyurdu: «Onu buraya
gətirin». Müsəlmanlar Əlinin (ə) çadırına gedib, Peyğəmbərin əmrini ona
çatdırdılar.
Həzrət Əli (ə) dərhal yerindən qalxdı və həzrətin xidmətinə
tələsdi. Həzrət Peyğəmbər (s) Əlidən (ə) halını soruşdu. Əli (ə)
bildirdi ki, başım və gözlərim ağrıyır. Həzrət Peyğəmbər onu qucaqladı
və ağzının mübarək suyundan Əlinin (ə) gözlərinə çəkdi. Həzrət Əli (ə)
özündə dərhal bir yüngüllük hiss etdi və ömrünün sonunadək başağrısı və
gözağrısı görmədi. Həzrət Peyğəmbər (s) buyurdu: «Ya Əli, bizim
komandanların əlindən bir iş gəlmədi. Hələ də Xeybər qalası fəth
olunmamışdır. Bu iş yalnız sənin əlinlə həyata keçəsidir». Həzrət Əli
(ə) yəhudilərlə nə vaxtadək döyüşmək lazım gəldiyi barədə soruşdu.
Peyğəmbər (s) buyurdu: «Allahın birliyini və mənim peyğəmbərliyimi
təsdiq edənədək vuruş».
Həzrət Əli (ə) ovuna qarşı arxayınlıqla hərəkət edən şir tək
Xeybər qalasının divarlarına yaxınlaşdı. Bayrağı yerə sancdı. Öz
adamlarını divarların fəthi üçün hazırladı. Bu vaxt Xeybərin şücaətli
döyüşçülərindən bir qrupu çıxıb həzrət Əli (ə) və onun dəstəsinin
üzərinə hücum etdi. Şiddətli döyüş başladı. Həzrət bir neçə hücumla
yəhudiləri qaçmağa məcbur etdi. Düşmən döyüşçüləri özlərini qalaya
çatdırıb qapıları bağladılar. Şücaəti ilə tanınan qala rəisi Haris
Əlinin (ə) qalaya daxil olmasının qarşısını almaq istədi. Amma həzrət
bir zərbə ilə onun həyatına son qoydu. Bu vaxt Harisin qardaşı, qalanın
ən adlı-sanlı döyüşçüsü Mərhəb Xeybəri qardaşının qanını almaq üçün
meydana atıldı.
Mərhəb qəribə bir pəhləvan idi. O iki zireh geyinər və bir neçə
əmmamənin üzərindən polad dəbilqə qoyardı. Dəbilqədə dəyirman daşına
oxşar daşı yerləşdirdiyindən qılınc zərbələri onun başına tə’sir
etməzdi.
Bu şəxs ilə Əli arasındakı döyüşdə İslam qəhrəmanının onun
başına enən zərbəsi bütün zirehləri yarıb başını ikiyə böldü. Mərhəb
yerə yıxılıb qanına qəltan oldu. Müsəlmanların təkbir sədası göyə
ucaldı. Yəhudilər qəti məğlubiyyətə uğrayıb qəm dəryasında batdılar.
Mərhəb qətlə yetirildikdən sonra qaladan başqa bir döyüşçü çıxdı. Bu
şəxs əvvəl öldürülənlərin üçüncü qardaşı Yasər idi. O da şücaətdə
qardaşlarından geri qalmazdı. Yasər yubanmadan Əliyə hücum etdi. Amma
həzrətin bir zərbəsi ilə yerə yıxılıb canını tapşırdı. Yəhudilər bu dəfə
qalanın qapılarını bağlamağa məcbur oldular.
Həzrət Əli (ə) öz
fövqəl’adə qüvvəsi ilə qalanın qapılarını tərpədib kənara atdı.
Beləliklə, Xeybərin ən möhkəm iki qalası fəth edildi. Şeyx Müfid
Əbdüllah Cədəlidən belə nəql edir. Əmirəl-mö’minin (ə) deyirdi:
«Xeybərin qapısını çıxardıqdan sonra onu özümə sipər edib yəhudilərlə
döyüşdüm. Onları məğlub etdikdən sonra qapını qala ətrafında qazılmış
xəndəyin üzərinə qoyub onun üzərindən keçdim. Müsəlmanlar da xəndəyi
adladılar. Geri qayıdan zaman həmin qapını yetmiş müsəlman güclə
qaldırdı. Şair bu barədə yazır:
Yəhudla amansız
savaş zamanı
Qaldırdı Xeybərin ağır qapısın.
Qapını qaytaran yetmiş kişinin
Hamı aşkar gördü
işdə cəfasın.
Xeybər döyüşündə
həzrətin savaşı, qalaların fəthi, adlı-sanlı yəhudi döyüşçülərinin
məğlub edilməsi, xüsusi ilə qala darvazasının həzrət tərəfindən
çıxarılıb atılması bir daha sübut edir ki, kimsədə belə bir hünər
görünməmişdir. Uyğun hadisə haqqında bir çox qəsidələr qoşulmuşdur. İbn
Əbil-Hədid bir qəsidədə deyir:
Qırx dörd əlin
aça bilmədiyini
Ey qoparıb atan qəhrəman Əli.
Xeybər döyüşü
başa çatdıqdan sonra həzrət Peyğəmbər yəhudilərin istəyi ilə onlarla
sülh bağladı. Fədək müsəlmanlara verildi və orada sakin olan yəhudilər
öz var-dövlətlərinin yarısını Peyğəmbərə göndərdilər. Fədək yalnız sülh
bağlandığı vaxt heç bir tələb olmadan yəhudilərin razılığı ilə həzrət
Peyğəmbərə bağışlandı. Ona görə də Fədək Peyğəmbərin özünə, qalan bütün
qənimətlər isə müsəlmanlara çatdı. Xeybərdən geri dönərkən itaətsizlik
göstərən bə’zi yəhudi qəbilələri də tənbeh olundu. Onlar da müsəlmanlara
boyun əyməyə məcbur oldular. Beləcə, müsəlmanlar yəhudilərin
fitnələrindən xilas oldular və Mədinə şəhərində əmin-amanlıq bərpa
edildi.