 Bəşər yaranmamışdan əvvəl onu yaradan bu yaranışın sonuna qədər lazım olan proqramıda yaradıb. Ona yaxşı və pisi ilham edib. Onun yaratdığı hər bir şey kamil formada olub. Nə vaxtsa, kimlərsə nöqsanlar müşahidə edibsə bu onların özündən olub. Ya özlərini əskildiblər, ya da kamilliyi dərk edə bilməyiblər. Kamil olan Tanrı bizə əmr etdiyi hər bir fərman bizim kamilliyimizin daha da yüksəlməsi üçün lazım olan fərman olub. Bizim yaxşılığımıza xidmət etmək üçün göndərilib. Amma nankor olan insan bütün varlıqlar içində nafərmanlıq edib. Hədəfindən yayınıb. Deyirlər bitkilərin ilk hiss etdiyi varlıq günəşdir. Ona görə ona tərəf, yuxarıya qalxmağa tələsirlər. O vaxta qədər ki, günəşə çatmaqdan məyus olurlar. Onda saralıb özlərini hədəfləri olan günəşə oxşadırlar. Mövlanə Rumi deyir: Vəfanı balıqlardan öyrənin. Ona özündə məskənləşmə icazəsi vermiş sudan ayrılan kimi həyatı ilə vidalaşır. Köçəri quşlar o qədər öz əməklərinə qiymət verirlər ki, bir dəfə düzəltdikləri yuvanı hər il səfərdən qayıdanda yad edib orada məskunlaşırlar, etdikləri işlərin qədrini bilirlər, onu zay etmək istəmirlər. Amma insanlar belə deyillər, özlərinə və etdiklərinə bu qədər qiymət vermirlər. Çətinliklə əldə etdiklərini asanlıqla itirirlər. Əksər hallarda ona görə peşiman da olmurlar, bəzən özlərinə bəraət qazandırırlar. Allah-təala bal arasına bir dəfə vəhy etdi ki, bu işləri et və Allahın yolu ilə düzgün get. İnsan xilqətindən 10 minlər il əvvəl yaranası bal arısı Rəbbinin vəhyinə əməl edir və ona payibənddir. Bəs insan niyə belə deyil? Bu adəmiza ya ifratdadı, ya da təfritdə. Bir dəstə xaliqini kökündən inkar edib özünü salıb biyabanlara. Hardan gəlməyini, hara gedəcəyini bilmir və bu formada ömrünü tələf edir. Başqa bir dəstə özünün yaranmış olmasını qəbul edərək özü üçün yaradan (xaliq) yaradır. Ona sitayiş edir. Ondan köməklik istəyir, onu özünə allah hesab edir. Bunlarda əvvəlki dəstə kimi həyatlarını məhv edib heyvani bir tərz yaşayırlar. Əgər buna yaşayış demək olarsa? Bunların arasında olan üçüncü dəstə əslində yollarını düzgün seçənlərdir. Orta yol, orta ümmət. Deyək ki, Allah istəyən təbəqə. Bunlar necədirlər? Hər şey lazımı qaydadadırmı? Əfsuski yox. Bunlarda parçalandı Musəvi olaraq, İsəvi olaraq qaldılar uzaq keçmişlərin səhifələrində, ya da deyək saxladılar. Amma elə bərk tutublar ki, hələ də buraxmırlar. Orta ümmət olaraq bu gün "müsəlman” adlanan dəstə gəldi ərsəyə. Xaliq həmin xaliq idi. Yol da elə həmin yol. Göydən gələn peyk də dəyişilməmişdi. Amma yerdəki nümayəndə əvəz olunmuşdu. Allah-təala bundan öncəkilərin hamısının vəzifəsini, yükünü toplayıb bu şəxsin üzərinə qoydu. Ona görə də tam kamil, ən şərəfli, dolğun, şücaətli, bir sözlə bu yükü daşımağa qadir olanı seçdi. Ona özü kimi köməkçilər nəsib etdi. Beləliklə dünya yenə öz axarına düşməyə başladı. Düzdür burada çoxlu maneələr oldu. Bəzən elələri oldu ki, həll olması mümkün olmadı, onu başqası ilə əvəz etdilər, ya başqa bir yol tapıb hədəflərinə tərəf hərəkət etdilər. Bu əziz Peyğəmbər (s)-ə Allah-təala hər şeyi göndərdi. O da hətta vəzifəsindən artıq surətdə iş gördü. Bütün qanunları əməli surətdə həyata keçirdi. İnsanları dili ilə yox əməli ilə haqqa dəvət etdi. Bütün ibadətləri və onun qanunlarını, əxlaqi keyfiyyətlərini, ailə və məişət məsələlərini, ictimai qanunları, siyasi gedişləri, dostlarla bağlılığı, düşmənlərlə rəftarı bizə öyrətdi, vəsiyyət etdi. Canişin seçdi. Əməllərin mühümələrini, bir-birinə nisbətdə əhəmiyyətlisini müəyyən etdi və möhkəm tapşırdı. Namaz dinin sütunudur. Bütün çirkinliklərdən insanı qoruyur. Oruc Allaha məxsusdur, insanla cəhənnəm arasında sipərdir. Zəkat var-dövlətin inkişafına, yoxsulların çətinlikdən qurtarmasına səbəb olur. Allaha itaət izzətdir, imamətə tabe olmaq millətin nizamını və vəhdətini möhkəmləndirər və bunun kimi bütün əməllərin özünə görə xüsusiyyətləri vardır. Məsumların və dahilərin həyatlarına, əməllərinə diqqət edəndə "vəhdətin” çox böyük əhəmiyyətli olduğunu açıq surətdə görünür. Vəhdət möminləri qüdrətli bir iqtidara çevirir. Düşmənləri isə məyus edir. Vəhdətin olmaması düşmənlərin əl atıb tutması üçün yaxşı bir vasitədir. Şumal və çıxıntısı, dəstəyi olmayan bir şeyi götürməyə insanın gücü olsada, əl tutmağa yeri olmayanda onu götürmək mümkün olmur. Amma onda əl girməyə bir yer olanda istədiyin səmtə yönəltmək olur. Allah-təala hər bir şeyin özünümüdafiəsi üçün vasitələr yaradıb. İnsanı qoruyan ən böyük qüvvə ağıldır. Ağılın törətdiyi vəhdət insanın bütün çətinliklər qarşısında ən böyük ordusudur. Tarixdə vəhdətə qələbə çalan bir sərkərdə olmayıb. Tarixi ixtilaf qədər də əyən düşmən görünməyib. Həzrəti Musa (ə) 40 günlük səfərindən qayıdıb qövmini büdpərəst görəndə, qardaşı Harun (ə) saçından yapışaraq qışqırdı: niyə qoydun bunlar büdpərəst olsunlar? Harun (ə) dedi: qardaş qorxdum bunların arasına ixtilaf düşsün (diqqət edin). "Bədr” müharibəsində az sayda müsəlmanlar vəhdətlə böyük müşrik ordusunu məhv etdi "Ühüd” müharibəsində bir dəstənin deyildiyi yerdə qalmaması ümumi vəhdəti parçaladı, müsəlmanların böyük itki ilə üzləşməsinə, hətta Həmzə kimi bir şəxsin şəhadətinə, Həzrəti Peyğəmbər (s) yaralanmasına, çoxlu sayda möminin şəhadətinə səbəb oldu. "Hüdeybiyyə” sülhündə müsəlmanların bir dəstəsinin sülhə etiraz etdiyi vaxt Həzrəti Peyğəmbər (s) buyurdu: Bizim vəhdətimiz bütün ibadətlərdən artıqdır. "Siffeyn” müharibəsində Həzrəti Əli (ə) Müaviyə kimi mənfur bir şəxslə həkəmiyyətə vadar edən müsəlmanların parçalanması oldu. İmam Həsən (ə) 25 min nəfərlik ordu ilə Kufədən çıxanda bir nəfər xəvaric onu yaraladı. Təsəvvür edirsiniz nə vəziyyət var idi qoşun arasında. 1 nəfər 25 min nəfərin arasına soxulur və onların rəhbərlərinə cəfa edir. Kərbəlada 72 nəfərin vəhdəti güclü Bəni Üməyyə ordusunu məhv etdi. Özüdə bu günə qədər təsirlidir, insanlar üçün nümunədir. Tariximizdə belə misallardan çoxdur. Amma bi-ikisi məqsədi çatdırmağa kifayət edir. Əli (ə) buyurur: "İşlərinizdə iki yaşlı dəvə balası kimi olun, nə beliniz olsun minməyə, nə də südünüz olsun yeməyə”. Demək istəyir ki, işinizi elə qurun düşmənə şərait yaratmayasınız. Onları öz sirlərinizə agah etməyəsiniz. Üzlərinə qapıları açmayasınız. Siz belə edəndə tanınırsız. Zəiflikləriniz görünür, lakin vəhdətiniz olanda çox qüdrətli görünürsüz. Sıldırım nəhəng qayalar kimi heybətli olursuz. Sizə təcavüz etmək istəyənlərin əl tutmağa yerləri olmur. Amma ixtilaf edəndə öz əllərinizi düşmənə uzadırsız ki, gəlin bizi bir-birimizdən ayırın, qoparın, parçalayın. "Yaxşılığı əlimizdən alıblar, yaxşı bizi yaman genə salıblar” (Şəhriyar). Hamı öz işini düzgün hesab edir. Düzdə edirlər və hamının işi İnşallah ki, elə də olar. Çox vaxt biz ixlasdan, təqvadan, vəhdətdən danışırıq. Bəzən isə başqa tərəfləri unuduruq. Bizim "hüsnü zənn” adında da bir şey varımızdı. Gəlin onu unutmayaq. İnsanlara inanaq. Məsləhət və məşvərəti yaddan çıxarmayaq. Əli (ə) buyurur: "Bir nəfərdən bir əməl gördün onu yaxşıya yoz, yoza bilməsən özün pis adamsan”. İxtilaf dinimizi əlimizdən almasın. Allah-təala Qurani-Kərimdə buyurur: "Əgər ixtilaf etsəniz, pərakəndə olacaqsınız və abrınız gedəcək”. Hamıya qiymət vermək lazımdı. Meydanda heç kimi qınamaq olmaz. Hərə öz gücünə uyğun hərəkət edir. Həzrəti Əli (ə) o kişiyə Siffeyn müharibəsində Quranı vur deyəndə, o fikirləşdi, Həzrət (ə) itaətsizlik etdi. Əli (ə) onu xorasana nümayəndə göndərdi. Dedilər ya Əli bunu yenə yanında saxlıyırsan? Dedi bəli. Dedilər axı O, nafərmanlıq etdi. Həzrət (ə) buyurdu: Amma Xorasanda nümayəndə ola bilər. Gücündən artıq yüklənən bərbad vəziyyətdə yolda qala bilər. Həm işi korlar, həm də özü korlanar. Necə deyərlər, mərdi qova-qova namərd edərsən. Məntiqdə belə bir istilah var: "toplamaq mümkün olanda, parçalanmaqdan yaxşıdır”. Ortaq məxrəc həmişə mövcud olub. İşi tək-tək etmək bəzən daha effektli olur. Bəzəndə əksinə. Çox vaxt verilən qurbanlar geri qayıtmır. Yadaki istəmirlər. Kərbəlada o xanımın oğlunun başını ona tərəf atanda, başı götürüb düşmənin ayağının altına ataraq söylədi: "biz verdiyimiz qurbanı geri almırıq”. Sonradan o qurbanlar hərəsi bir möhtəşəm zirvəyə çevrilib bu gün daha artıq səmərə verirlər. Qısası ehtimal olunan hər bir ziyanvericidən qorunmaq lazımdır. İslam ümmətinin vəhdəti bütün ibadətlərdən üstündür. Onu qorumaq, bərpa etmək düşməni məğlub etməkdir. Onları məyus edib bütün yolları üzlərinə bağlamaqdır. Bəzən elə bilirik ki, düşmənin məqsədi gördüyümüzdür. Amma əslində çox böyük görünməyən bir şey olur. Biz hiss etmirik. Başımız görünənə qarışır. Görünməyəni əlimizdən alırlar. "Sabat” müharibəsində müsəlmanlar elə hesab edirdilər Həzrəti İmam Həsən (ə) Müaviyə (l) ilə hakimiyyət problemi var. Dedilər: Ya Həsən! Ver onun yarısını Müaviyəyə iş bitsin. Həzrət (ə) dedi: Siz fikirləşdiyiniz kimi deyil. Məcbur etdilər. Sonradan başa düşəndə hər şey gec idi. Nə qədər gec deyil vəhdət və birlik çox işi həll edə bilər. Əks qüvvələr yaxşı yerdən tutublar. Tezliklə onların əlləri qoparılmalıdır. Bərəkətli ay ərəfəsində hər bir ibadətə yer var. Vəhdətə də başda. Allah-təala bizim vəhdətimizi bərqərar etsin. Mübarək Ramazanda dualarımızı qəbul etsin. Düşmənlərimizi məhv etsin. Amin! Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.
|