Ühüd Mədinənin təqribən 6 kilometrliyində yerləşən böyük və məşhur dağın adıdır. Ühüd savaşı hicri 3-cü ildə, şəvval ayında Ühüd dağının ətəyində baş verdi. Qüreyşin hörmət-izzətinin aradan getməsi ilə nəticələnmiş Bədr məğlubiyyəti yeni bir döyüş üçün şərait yaratmışdı. Çünki Bədrdə qətlə yetirilənlərin ailələri, Əkrəmə ibn Əbu-Cəhl, Səfvan ibn Üməyyə kimiləri hələ də Məkkədə əzadarlıq içində idilər. İntiqam hissi ilə alışıb yanan bu adamlar Məkkə camaatını müsəlmanlarla döyüşə təhrik edirdilər. Qüreyş kafirlərinə başçılıq edən Əbu-Süfyan ibn Hərb xalqı ətrafına toplayıb onları müharibəyə səsləyirdi. O hətta öz var-dövlətini bu müharibəyə sərf etmək üçün hazrılığını bildirirdi.
Ütbənin qızı və Əbu Süfyanın arvadı Hind bir qrup başqa qadınlarla yanaşı xalqı Bədrdə öldürənlərin qanını almağa çağırırdı. Bu yolla Əbu-Süfyan beş min süvari toplayıb onları silahlandırdı və Mədinəyə üz tutdu.
Bu məsələdən xəbər tutan Peyğəmbər dərhal səhabələrini toplayıb əhvalatı onlara danışdı. Həzrət bildirdi ki, şəhərdə qalıb müdafiə olunmaq lazımdır. Amma bə’ziləri düşmənlə şəhərdən kənarda savaşmaq, hətta onlara hücum etmək əzmində idilər. Nəhayət, müsəlmanlar döyüşə hazır oldular. Həzrət Peyğəmbər (s) şəxsən özü döyüş libası geydi və yeddi yüzə yaxın döyüşçü ilə birlikdə savaşa hazır oldu. Həzrət Peyğəmbər (s) Əlini (ə) bayraqdar tə’yin etdi. Həzrət Ühüdə çatdıqda qəfil və arxadan hücumların qarşısını almaq üçün əlliyə yaxın döyüşçünü Əbdüllah ibn Cubəyrin başçılığı altında münasib bir mövqedə gizlədi. Bunu öncədən görməsi çox düzgün bir qərar idi. Çünki Əbu-Süfyan da Xalid ibn Vəlidi Əbdüllahın dəstəsindən dörd qat artıq qüvvə ilə pusquda qoymuşdu. Pusquda duran dəstə qoşunlar vuruşa başladığı vaxt arxadan müsəlmanlara hücum etməli idi.
Döyüş başladı və Qüreyş döyüşçülərinin çoxu həzrət Əlinin (ə) qılıncı ilə dünyasını dəyişdi. Əbu-Süfyanın bayraqdarı Təlhə ibn Əbu Təlhə olduqca güclü bir adam idi və ona Nəbşul-Kəsibə (döyüşçülərin qoçu) deyirdilər. Bu şəxs həzrət Əli (ə) ilə qarşı-qarşıya çıxdı. Həzrət Əli (ə) onun başından elə bir zərbə vurdu ki, gözləri hədəqəsindən çıxdı. Təlhə nərə çəkib həlak oldu. Sonra müşriklərin bayrağını Təlhənin qardaşı götürdü. O da öldürüldü. Həzrət Peyğəmbərin əmisi Həmzə də öz növbəsində böyük rəşadətlə vuruşur, sıraları pərən-pərən salırdı. Qüreyş döyüşçülərinin ardıcıl qətlə yetirilməsi düşmən qoşununda çaxnaşma saldı. Müsəlmanlar düşməndən çox-çox az olmalarına baxmayaraq onlara qalib gəldilər. Müşriklər qaçmağa üz tutdular. Müsəlmanlardan bir qrupu düşməni izləyir, digər bir qrupu isə meydandan qənimət toplayırdı.
Bu vaxt həzrət Peyğəmbərin (s) pusquda qoyduğu dəstə onun göstərişinə zidd olaraq Əbdüllahın əmrindən çıxdı və döyüşün başa çatdığını güman edib öz mövqelərini boş qoydu.
Belə bir fürsət gözləyən Xalid ibn Vəlid öz süvariləri ilə müsəlmanların pusqusuna hücum edib orada qalan bir neçə nəfəri qətlə yetirdi. Daha sonra düşmənin bu dəstəsi müsəlmanlara arxadan hücum etdi. Qaçmaqda olan Qüreyşilər Xalidin sədasını eşidib yenidən döyüş meydanına döndülər. Müsəlmanlar iki tərəfdən hücuma mə’ruz qaldı. Onlar sayca az olduqlarından və araya təfriqə düşdüyündən əldə olunmuş qələbəni qoruyub saxlaya bilmədilər. Bir sözlə, müsəlmanlar qaçmağa üz tutdu. Döyüşdə Peyğəmbərin (s) əmisi Həmzə şəhadətə çatdı. Əbu-Süfyanın arvadı, Müaviyənin anası Hindin göstərişi ilə Həmzənin ciyərini bayıra çıxardılar. Həmin məl’un qadın Həmzəyə olan nifrəti səbəbindən onun ciyərlərini dişlərinə salıb gəmirməyə başladı. Həmin gündən Hində «ciyəryeyən» adı verildi. Bu döyüşdə həzrət Peyğəmbər özü başından yaralandı, dişi sındı. Həmin döyüşdə həzrət Əli (ə) və başqa iki nəfərdən savay həzrəti qoruyan yox idi.
Həzrət Əli (ə) müşriklərin Peyğəmbərə (s) hücumlarının qarşısını şir tək alır, onları pərən-pərən salırdı. Pərvanə şəm’in başında dolandığı tək həzrət Əli (ə) də Peyğəmbərin (s) ətrafında dövrə vururdu.
Əlinin (ə) Ühüd döyüşündəki fədakarlığı onun həyat tarixçəsində parlaq bir səhifədir. Bu səhifənin qızılı sətirlərindən Cəbrailin Əli haqqındakı nidaları ucalır: «Zülfüqardan başqa qılınc, Əlidən başqa kişi yoxdur».
Şeyx Müfid Əkrimədən, o da öz növbəsində Əlidən (ə) belə nəql edir ki, həzrət buyurmuşdur: «Ühüd savaşında həzrət Peyğəmbərin (s) ətrafındakı adamlar qaçdılar. Özümdə həmin vaxtadək hiss etmədiyim bir hal gördüm. Onun qarşısında dayanıb qılınc çalırdım. Bir dəfə geri çevriləndə onu görmədim. Öz-özümə dedim ki, Peyğəmbər (s) qaçmaz. Onu öldürülənlər arasında da tapmadım. Mənə elə gəldi ki, o bizim aramızdan səmaya qalxıb. Qılıncımın qının sındırıb özümə dedim ki, Peyğəmbərin müdafiəsi üçün bu qılıncla öldürülənədək vuruşacam. Düşmənə hücum etdim, onlar mənim qılıncımın qarşısından qaçdılar. Qarşımda açılan yolda həzrət Peyğəmbərin huşsuz halda yerə yıxıldığını gördüm. Başının üstündə dayandım. Mübarək gözlərini açdı, mənə tərəf baxıb buyurdu: «Ey Əli, camaat nə etdi?» Ərz etdim ki, ya rəsuləllah, onlar kafir oldular və düşmənə arxa çevirib səni tənha buraxdılar. Həzrət Peyğəmbər baxıb, düşmən qoşunundan bir dəstəsinin ona doğru gəldiyini gördü. Mənə buyurdu: «Ya Əli (ə), onları məndən uzaqlaşdır». Mən həmin dəstəyə hücum edib sağa-sola qılınc çaldım. Onlar qaçmağa üz tutdular. Həzrət buyurdu: «Ya Əli (ə), səmadan öz tə’rifini eşidirsənmi? Rizvan adlı mələk nida edir: «La səyfə illa Zulfuqar və la fəta illa Əli». Sevincimdən gözlərim yaşardı və bu ne’mətə görə Allaha şükr etdim.
Əlinin (ə) və bir neçə nəfər başqasının sabitqədəmliyi və dözümü səbəbindən müşriklər gözlərini Mədinədən çəkib Məkkəyə döndülər. Həzrət Əli (ə) özü ağır yaralanmışdı. Bununla belə Peyğəmbəri gözdən qoymurdu. Həzrətin əlini və üzünü yumaq üçün sipərində su hazırladı. Peyğəmbər (s) əl-üzünü yuduqdan sonra buyurdu: «Öz Peyğəmbərinin üzünü qana bulaşdıran qövm Allahın qəzəbinə gəlsin».
Nəhayət, müharibə qovğası yatdı. Müsəlmanlardan yetmiş nəfər həlak oldu, qalanları qaçdı. Bu döyüşdə öz misilsiz fədakarlıqlarına görə yalnız həzrət Əli (ə) qəhrəman sayıla bilərdi. Həzrətin bədənindəki sarsıdıcı zərbələrin hər biri bir qəhrəmanın qəddini sındıra bilərdi. Həzrətin bədənindəki çoxsaylı yaralar hamını heyrətə salmışdı. Qılıncların doğradığı iyirmi altı yaşlı bu gənc hələ də sağ idi. Əlbəttə ki, həzrəti diri saxlayan onun böyük ruhu və xalis imanı idi. Həzrət bu döyüşün bütün çətinliklərinə razılıqla səbr edirdi.
Həzrət Peyğəmbər (s) Mədinəyə qayıtdı. Həzrət Zəhra əlində bir qab su atasını qarşıladı. Həzrət Əli (ə) isə qolları dirsəyədək qana batmış halda gəlib çatdı. Zülfüqarı Fatiməyə verdi və buyurdu: «Bu gün məni təsdiq etmiş bu qılıncı al».
Götür bu qılıncı saxla Fatimə Onun günahı yox, mənimsə qorxum. Çalışdım Peyğəmbər, Allah yolunda, Əbdud-Dar qanıdır qılıncda baxın. |
Həzrət Peyğəmbər (s) Fatiməyə buyurdu: «Ey Fatimə, götür qılıncı, ərin öz borcunu əda etdi. Allah-təala onun qılıncı vasitəsi ilə Qüreyş böyüklərini məğlubiyyətə uğratdı». Bu döyüşdə müsəlmanların məğlubiyyətinin səbəbi kiçik bir intizamsızlıq, həzrət Peyğəmbərin (s) göstərişinə diqqətsizlik oldu. Amma böyük və acı bir təcrübə əldə olunmuşdu. Gələcək üçün bu təcrübə böyük bir ibrət idi. Qur’anda da bu məsələyə işarə olunur: «Siz onları Allahın izni ilə qırdığınız zaman Allah sizə verdiyi və’dinə sadiq çıxdı. Lakin o sevdiyiniz şeyi sizə göstərdiyi vaxt zəiflik büruzə verdiniz və əmr haqqında bir-birinizlə mübahisə edərək Peyğəmbərə qarşı çıxdınız. İçərinizdən bə’ziləri dünyanı, bə’ziləri isə axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün geri döndərdi. Əlbəttə, o sizi əfv etdi. Çünki Allah mö’minlərə qarşı mərhəmətlidir».
Ühüd döyüşü başa çatdıqdan sonra Mədinə əhlinin bəni-Nəzir və bəni-Qurəyzə kimi bə’zi qrupları bu hadisədən xoşhal oldular. Bə’ziləri isə həzrət Peyğəmbərlə dostluq peymanı bağladıqları halda bu peymanları pozdular.
Demək, Qüreyşlə döyüşdən qabaq Mədinədə əmin-amanlığı və nüfuzu bərpa etmək lazım idi. Yalnız bundan sonra Qüreyşlə mübarizəyə başlamaq olardı. Bu səbəbdən də hicri dördüncü ildə bəni-Nəzirlə döyüşə hazır müsəlmanlar rəbiül-əvvəl ayında Mədinədən bayıra çıxdılar.
E’zam olunmuş qoşunun komandanı həzrət Əli (ə) idi. Həzrət öz rəşadət və şücaəti ilə onları təslim olmağa vadar etdi. Belə bir peyman bağlandı ki, həzrət Peyğəmbər (s) onların qanından keçir, onlar isə Mədinədən çıxaraq Şama gedirlər.
Həzrət Peyğəmbər bu şərti qəbul edib göstəriş verdi ki, hər üç nəfər bir dəvə və bu bir dəvənin götürəcəyi qədər yük apara bilər. Bəni-Nəzir Mədinədən çıxdıqdan sonra onların qalan yükləri müsəlmanlara nəsib oldu.
Ühüd döyüşündən sonra baş vermiş bu hadisə müsəlmanların mövqelərinin möhkəmlənməsi üçün çox münasib oldu. Həzrət Peyğəmbər (s) itirilmiş nüfuzu böyük məharətlə geri qaytara bildi. Müsəlmanlar daha da qüdrətləndi, din düşmənləri isə zəlalətə düçar oldu.