Torbada pişik var imiş
İstədim
pişik söhbətinə salamsız başlayam, dedim ki, başlayacaqlar hanı sənün salamun?
Mən də nə desəm qəbul etməyəcəklər. Deyəcəklər: Bir salamı vermək nə böyük
şeydi ki, onu da bizə çox gördün? Mən də deyəcəm a qardaş! Bu salamı sən yenə
balacalaşdurdun. Salam çox böyükdür. Bizə adiləşib. Nə isə. Salam a millət .
Yaxşı gününüz olsun! Çörəyiniz halaldan, köməyiniz allahdan, qorxunuz
cəhənnəmdən, arzunuz isə behişt olsun! Dünya və axirətdə xoşbəxt olasuz!
Mənə deyəndə ki, avamsan, deyirdim ki, a bala bu qədər dərs, bu qədər yaş, bu qədər dünya görüşü, niyə avam olmalıyam?
Dedilər:
-Dediklərün bəs eləmir. Gərək bu məsələlərdə biraz da oputun olsun. Dedim:
-O, nədi elə? Yerin
deyin gedim oxuyum. Dedilər:
-O, oxumaqla deyil. Onda gedim alım. Yox a kişi
pulun çatmaz. Dedim:
-Müraciət edərəm beynəlxalq təşkilatlara, onlar da
uzunmüddətli kredit verərlər, sonra da nəvələrim ödəyər yavaş-yavaş. Bu zamanda
onlara hədiyyəmiz olar. Gərək bağ alaq onlara? Biz ölsək təmirə pulları
olmayacaq. Amma borc saxlasaq onlara ödəyərlər, savab qazanarlar. O, dey
Tanrıqulular kəndinin hamısı, hətta dünyaya gəlməyən uşaqları da borcludurlar.
İndidən valideynləri götürüb xərcləyib. A kişi belə də iş olar? Bəlkə, o uşaqlar
dünyada gedən bu hoqqaları görüb gələcək fikrindən danışacaqlar? Bir tərəfinə
baxanda ola bilər ki, düz ediblər. Bu gün ye. Sabaha da ya o köçər, ya da bu
atar. Onsuz da dünyanı döndəriblər oyuncağa. Kimin başına nə girir onu da
qanunlaşdırıb ötürür camaata ki, day bundan yaxşısı yoxdur. Ən yaxşısı budur
ki, mən düşünmüşəm. Elə bu iddia ilə də
dünyanı sulayırlar. Belə də olmaz da, buna xudbinlik deyərdilər qədim
zamanlarda. Əgər dünyadan Xudayar kişiyə də bir şey düşürsə qoy o da öz
fikrini desin. Bəlkə onunku da babat çıxdı. A millət deyirəm dünyadan Xudayar
kişiyə nə düşməlidi? Qoca kişidi getsin pensiyasını alıb geninə boluna
xərcləsin, artığını da versin yetim-yesirə. İnşaallah o dünyada karına gələr.
Bax olmadı da aşna!
-Xudayar
vaxtilə vuran əlimiz, danışan dilimiz olub. İndi qocalıb deyə onu qocalar evinə
göndərməliyik?
-Nə
olsun e? Vaxtında payını alıb da.
-Elə
demə, ay bala. O, halal-haram bilib.
-Ay
Molla əmi! Sən də camaatın sms-ilə taleh həll edən vaxtı yapışmısan halalın
quyruğundan. A kişi birdəfəlik bil ki, day o zamana deyil. Sən deyənə qalsa
gərək evdən çölə çıxmayasan.
-Mənim
balam evi tikilmişik, yaşamağa çöldə nə işimiz var?
-Bax,
Molla əmi məni yola vermə. Nə soruşuram düz cavab ver.
-Olsun
mənim balam, axıra qədər dözə bilsən düzünü deyərəm. Hələ bir yoxla görək.
-Ay
Molla əmi! Qədim zamanlarda el-obada toy olanda hamı sevinərdi.
-Düzdür.
İndi bəyəm elə deyil?
-Yox!
İndi hər toyda sevinmirlər, özü də xüsusən oxuyanlar.
-Niyə
ay bala?
-Çünki,
bütün toylarda cibləri dolmur, hansı toyda cibləri dolursa ona mübarək. O
birilərə də belə də. Özü də ay Molla arada oturub qulaq asıram, bəzi sözlərə
havalanıram e.
-Niyə
ay bala?
-Niyəsi
bundadır ki, İnsanlar ölçüləri itiriblər.
-Niyə
bala, elə həmişə metrə ilə parça ölçüblər, tərəzi ilə də bu birsiləri. İndi də
elədür də. Sadəcə tərəzilərin daşını götürüblər eləyiblər toknan. Kim necə
satdı qalıb insafına.
-A
kişi mən başqa ölçüləri deyirəm.
-Hansıları?
-Bax
görürsən? Kasıbların dostu azdır, dövlətlininki çox. Hamı dövlətlilərə ehtiram
edir, onlarla dost olmaq istəyir. Çağırmasa da toyuna gedir. Pulu çox yazdırır
ki, bu filankəsin toyudur, ayıb olar. Amma, kasıbın toyunda elə etmirlər. Mən
bir dəfə bir nəfərdən eşitdim, deyirdi: -Məmmədhəsən itiriləsi dost deyil. Amma
Əlihəsəni heç yadına salmırdı. Halbuki, onlar ikisi də bir kişinin
övladlarıdırlar. Sonradan bildim ki, Məmmədhəsənin pulu çoxdur. Hə ona müəllim
də deyirdilər. Demə, bu Məmmədhəsən heç oxumayıb. Amma, yazıq Əlihəsən iki ali
məktəb qurtarıb, heç ona müəllim deyən yoxdur. Sonra ay Molla əmi toylardan dedik:
-Gəl indi də başqa şeydən danışaq. Ata-babadan birinə fəlakət üz verəndə hamı
narahat olardı, üzlərdə kədər hiss olunardı.İndi isə belə hallarda hamı narahat
olmur. Hətta bəzi adamların əhval ruhiyyəsi yaxşılaşır, kefi kökəlir, lap özü
də kökəlir. Bilmirəm ki, qonşunun inəklərini canavar yeyəndə necə olur ki, bu
biri qonşular pullaşırlar. Görəsən bunlar canavarla qonşudurlar, ya bizlə? O de
keçən dəfə Canbaxışın taxılı yandı. Sağ olsun millət bir xeyli kömək etdilər.
Amma, qonşuları Canpolad özünə maşın aldı. Mən elə bildim ki, millət Canpolada
yardım edib. Dedilər: -Yox, o pulu taxılı yanan üçün yığmışdıq. Bəs, onda niyə
belə olur? Axı Canpolad heç taxıl əkməmişdi, bu qədər pul ona hardan? Molla əmi! O gün deyirdin torbada pişik var
deyən, nə torba? nə pişik?
-Onu deyirəm də: Mənə deyəndə ki, avamsan qəbul
eləmirdim. Demə doğurdan eləymiş. Mənim xəbərim yox imiş.
-Molla əmi! Sən bu qənaətə nə vaxt gəldin?
-Eh ay bala o, günləri Tanrıqulular kəndində
baş verən hadisədən başa düşmüşəm. Deməli belə oldu. Millət dedi: Gedəyin Tanrıqulular kəndinə.
Xeyir iş var, orada iştirak edəyin. Biz də Allah xatirinə getdik ora, amma
bildiyin kimi bərk mübahisə oldu orada. Həmin gün mən bu avam başımla qanmadım.
Sonradan bildim ki, torbada pişiklər var imiş. Özü də neçə dənə. Əlbətdə orada
başa düşmədim. Sonradan mənə dedilər ki, orada mübahisə edənlərin hamısının
dilinin altında çöp var imiş. Demə, hamı orada ifa olunan havanı bəhanə edib öz
dərdlərin çalxalayırmışlar. Düzü əvvəl o qədər də ianamadım sonra gördüm yox e
kor-kor, gör-gör. Doğurdan da avamlıq yaxşı zad deyilmiş. Məndə də günah
yoxdur. Axı milləti dəvət edəndə başqa adla çağırmışdılar. Biz dedik: Gedək
Allaha xatir kasıbın toyunda iştirak edək. Nə biləydim ki, camaat bu variantdan
öz xeyirlərinə istifadə edəcəkmiş. Qədimdə biri öləndə bəzən deyərdilər: Hə,
tema tapıldı. İndi hamı bu rəhmətliyi bəhanə edib köhnə ölənlərə ağlayacaq.
İndi isə bəhanə edib ölmək istəməyənlər üçün də ağlayırlar. Yox, yox bu çox pis
işdür.
Ay bala, adamun bir üzü olsun. İnsan deyilən
zad bu aləmin ən qiymətlisidir. O, belə edəndə başqalarına nə demək olar? Doğurdan
da, cəmiyyətdə adi bir adam səhv edəndə o qədər nəzərə çarpmır. Elə ki, savadlı
bir adam səhv etdi, bax bu olmadı qərdeş. Sən ki, oxumuş adamsan, sən ki ... hə
bu sənkilər düzülür sonsuzluq ipinə. Amma camaatı qınamayın düz deyirlər. Özü
də, həmişə bir dəstə millətin qabaqcılı olur. Millət də istəyir ki, onun
qabaqcılı çox bilsin, bacarıqlı olsun, təmiz olsun, bir sözlə eyibsiz olsun.
-Əcəb! Nə çox istəyirmiş bu camaat bizi.
-Bəli mənim balam. Camaat həmişə belə olub.
Sadəcə biz onları dəyərləndirə bilmirik. Gordün Tanriqulular kəndinin camaatı
necə çıxmışdı bizim pişvazımıza? Hamının üzündə səmimi bir təbəssüm var idi,
fəxr edirdilər bizim ora getməyimizə. Elə bil ki, onlara xoşbəxtlik üz
vermişdi. Amma, yazıq kəndistan camaatı nə biləydi bura gələnlər özü ilə öz
havaların gətirirmiş oxumağa. Düzdür hamının öz havası var. Məsələn: Heyvagülü,
amma bu hava ondan deyildi. Belə, atam-qardaşım heyvagülü də olsa, nə heyvası
bəlli idi, nə də gülü. Lap xaricdən gələn peçatlı heyva ilə gülə oxşayırdı. Yeri
gəlmişkən yerli heyva ilə gül o günlərdə şikayət edib deyirdilər:
-Molla əmi, bizə nə olmuşdu ki, gedib xaricdən
bahalıların gətirirsiz ozü də bağbanı ilə birlikdə. Dedim:
-Bağdan
deyim, ya bagbandan? Dedi:
-Yol
böyüyündür. Bağbandan başla. Dedim:
-Heyva
qardaş, gül bacı xarici bağbanlar yaxşı işləyirlər.
-Düzdür
Molla əmi düzdür. Amma ona etdiyimiz qulluğu özümüzkülərə etsəydiz gecə də
yatardılar bağda. Qəribədir, niyə belı edirsüz?
-Qaldı
ki, bağa, meyvəyə! Heyva qardaş, gül bacı xaricdən gələn heyvalar yaraşıqlıdır,
qurdu yoxdur.
-A
Molla əmi, heyva gözəllik müsabiqəsinə gəlmir ki, gözəl olsun. Qurda
gəldikdə isə gör o, heyva nə gündədir
ki, qurd da onu yemir. Amma biz yeyirik. Biz heç də nələr etmirik ki? Camaat
oğluna toy edirdi, bizi də çağırmışdı xeyir dua verməyə. Torbamızı şirni ilə
doldurub aparmaq əvəzinə pişiklə doldurub getdik.
Siz deyin:
-A millət bu camaatın nə günahı var?
Hacı
Əhliman Rüstəmov
2010 www.ahliman.com