Allaha səcdə edərkən nə üçün alın torpağa qoyulmalıdır?
Buyurun izləyin
PEYĞӘMBӘR (S) VӘ YER ÜZӘRİNӘ SӘCDӘ
Peyğəmbərin (s) həyat tərzinə diqqət yetirsək görərik ki, o həzrət ibadətlərində yer üzərinə səcdə etmiş və hamıya məhz bu cür səcdəni əmr etmişdir. "Səhih Buxari”də qeyd edilmiş bir hədisdə Әbu Səid əl-Xidri belə deyir: "(Namazdan sonra) gözlərim Peyğəmbərə (s) sataşdı onun burnunda su ilə torpaq izləri görünürdü.” Bəli, bu Allah rəsulunun səcdəsidir. Bizlərə "mənim yerinə yetirdiyim namazı nə cür görmüsünüzsə, siz də namazınızı məhz o cür yerinə yetirin” – kəlmələrini xitab edən Peyğəmbərin (s) səcdəsi! Qurani-kərimdə də bizlər üçün belə bir əmr və tövsiyə vardır: "Həqiqətən Allahın rəsulu (Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün”) gözəl nümunədir.” Digər ayədə isə belə buyurulur: "Peyğəmbər sizə nə verərsə, onu götürün, nəyi qadağan edərsə, ondan çəkinin.” Aişədən nəql olunan rəvayətdə belə deyilir: "Səcdə halında Peyğəmbərin bir vasitə ilə üzünü qoruduğunu görməmişəm.” Bu hədis də ona dəlalət edir ki, Peyğəmbərin bütün səcdələri "yer” üzərinə olmuş və həzrət heç vaxt üzünü səcdə halında bir vasitə ilə örtməmişdir. Vailin nəql etdiyi rəvayətdə deyilir: "Peyğəmbər (s) səcdə edərkən alnını və burnunu yer üzərinə qoyduğunu gördüm.” Peyğəmbər (s) də, öz növbəsində "yer” hesab edilməyən əşyalar üzərinə səcdəni qadağan etmişdir. Bir hədisdə belə nəql edilir: "Peyğəmbər (s) görür ki, bir nəfər (qumun istiliyi alnını yandırmasın deyə, əmmaməsini alnının üstünə çəkərək) əmmaməsinin üzərinə səcdə edir. Peyğəmbər (s) əli ilə həmin şəxsə əmmaməsini qaldırmağı işarə edir və əmr edir ki, alnını yer üzərinə qoysun.”
SӘCDӘNİN ӘHӘMİYYӘTİ
Səcdə – namazın mühüm hissələrindəndir. Həmçinin, namazda olan beş rükündən biridir. Bildiyiniz kimi, namazın hər rəkətində iki səcdə etmək vacibdir. Bu iki səcdəni bilərəkdən və ya səhv üzündən, yaxud yaddan çıxararaq tərk etmək namazı batil edər. Tarixdə qeyd edilir ki, bir qövm Peyğəmbərin (s) yanına gələrək İslama daxil olmaq istəyini o həzrətə bildirirlər. Belə bir şərt də irəli sürürlər ki, namazda rüku və səcdəni yerinə yetirmək istəmirlər. Peyğəmbər (s) onların bu formada qəbul etmək istədiyi "islamı” inkar etmiş və demişdir: "Namazında rüku və səcdə olmayan bir dində xeyir yoxdur.” Hədisdən göründüyü kimi, namazda olan səcdənin səhv, batil olması namazın batil olması deməkdir. Səcdə məzhəblər arasında ixtilafa səbəb olan məsələlərdəndir. Aydın məsələdir ki, bu məzhəblərin "səcdə” barədə verdiyi rəylərdən yalnız biri düzdür, çünki Allahın nazil etdiyi hökm birdir. Gəlin görək qeyd olunan bu ixtilaf nədən ibarətdir? Bildirmək istərdik ki, səcdənin hansı qaydada yerinə yetirilməsi məsələmində fikir ayrılığı yoxdur. Bütün məzhəblər bədənin yeddi üzvünün – alın, əllərin içi, dizlər, ayağın baş barmağı – səcdə halında yerə qoyulmasını bildirmişlər. İxtilaf isə, "səcdə nəyin üzərinə edilməlidir?” – sualına cavab ətrafındadır. Hamını düşündürən də, elə məhz bu sualın düzgün cavabıdır: Görəsən, torpaq, çınqıl, daş, qaya və yer üzərindəki bitkilər (yeyilməyən və geyilməyən) üzərinə səcdə edilsə düzgün sayılar, yoxsa xalça, paltar, yun, kətan, neylon və bu kimi digər xam mallardan hazırlanmış şeylər üzərinə səcdə etmək daha münasibdir? Biz bu sualı Quran və Peyğəmbərin (s) qoyduğu qayda-qanunu rəhbər tutaraq, cavablandırmağa çalışaq. Qeyd etmək lazımdır ki, Qurani-kərimdə səcdə məsələsinə açıq-aşkar şəkildə toxunulmayıb. Ona görə də, bu məsələ haqda Peyğəmbər (s) hədislərinə müraciət etməyimiz gərəkli və önəmlidir. Səcdə nəyin üzərinə etmək barədə nəql olunan Peyğəmbər (s) hədisləri olduqca çoxdur. Biz bu hədislərdən bəzisini burada qeyd edəcək və onların qısa şərhini verməklə nəticə çıxarmağa çalışacağıq. Peyğəmbər (s) buyurub: "Yer mənim üçün səcdəgah və pak qərar verildi.” Bu hədisi bir çox alimlər, hədis hafizləri öz mötəbər kitablarında qeyd etmiş və onun "mütəvatir hədis” olduğunu bildirmişlər. Ona görə də, həmin hədisin düzgün və hamı tərəfindən qəbul olunmasında heç bir şəkk-şübhə yoxdur. Hədisin qısa şərhi belədir: Allah-taala yeri Peyğəmbər (s), səhabələr və onun yolu ilə gedən hər bir kəs üçün qiyamətədək "məscid” qərar vermişdir. "Məscid” ərəb sözü olub səcdə edilən yerə, məkana deyilir. Hədisdən göründüyü kimi, səcdə yalnız yer üzərinə edilməlidir. Digər tərəfdən də, başa düşülür ki, İslam şəriətinə görə toxunma şeylər üzərinə səcdə düzgün deyil. Çünki bu cür şeylər "yer” adlanmır. Deməli, "yer” adlanmayan əşyalar üzərinə edilən səcdəyə İslam şəriəti icazə vermir. Adi bir misal: Әgər bir nəfərdən soruşsalar ki, xalça və ya parça "yer” hesab olunurmu? Sözsüz ki, bu şəxsin verdiyi cavab "yox” olacaqdır. Başqa sözlə desək, bir şəxsin xalça və ya parça üzərinə etdiyi səcdəyə heç bir vəchlə demək olmaz ki, bu şəxs "yer” üzərinə səcdə edir. Qayıdaq yuxarıda qeyd etdiyimiz hədisə. Burada deyilir ki, yer mənim üçün məscid qərar verildi. Hədisin zahirindən görünür ki, səcdə üçün nəzərdə tutulan məhz yerin özüdür, yer üzərinə döşənən əşyalar deyil. Həmçinin, lüğətə baxsaq görərik ki, "yer” kəlməsinə yalnız torpaq, daş, çınqıl və bu qəbildən olan digər əşyalar aiddir. Daha bir misal çəkək: Әgər bir nəfər "ayağım ilişdi, yerə yıxıldım” və ya "filan qiymətə yer aldım” – desə, məgər bu sözlərdən başa düşülərmi ki, "yer” dedikdə həmin şəxs yer üzərinə döşənəcək əşyaları nəzərdə tutur? Әlbəttə ki, yox! Bir sözlə, Peyğəmbər (s) hədisində bizə əmr olunur ki, səcdə "yer” üzərinə olmalıdır və "yer” məfhumunu özündə ehtiva etməyən digər əşyalar üzərinə səcdə düzgün hesab edilmir.
ӘHLİ-BEYT (Ә) VӘ YER ÜZӘRİNӘ SӘCDӘ
Әhli-beyt (ə) o kəslərdir ki, Quran onların evində nazil olmuş və Onlar İslamı, İslam hökümlərini digərlərindən daha yaxşı, daha aydın, daha çox və daha kamil bilirlər. Peyğəmbərin (s) pak Әhli-beytinin həyatına nəzər salsaq görərik ki, onlar da namaz qılarkən yer üzərinə səcdə etmişlər. Onlar müsəlmanları xalça üzərinə səcdə etməkdən çəkindirmişlər. (Təəssüflər olsun bəzi müsəlmanlar namazlarında xalça üzərində səcdə etməyi hələ də tərk etməmişlər.) Peyğəmbərin (s) nəvəsi imam Sadiq (ə) buyurmuşdur: "Yalnız yer üzərinə, pambıq və kətandan başqa, yer üzərində yetişən bitkilər üzərinə səcdə edin.” Digər bir yerdə İmam Sadiq (ə) buyurmuşdur: "Yalnız yer üzərinə və yer üzərində yetişən bitkilər üzərinə səcdə edin. Ancaq bu bitkilər yeyinti, pambıq, kətan növündən olan bitkilər olmasın.” "Bir nəfər İmam Sadiqdən (ə) soruşur ki, alın yerə dəymədən alnın üstünə çəkilmiş əmmamə üzərinə səcdə etmək olarmı? İmam (ə) cavabında belə buyurur: – Alın yerə dəyməsə, etdiyin səcdə kifayət deyil.” Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: "Yer üzərinə səcdə vacibdir” . İmam Sadiqin (ə) səhabəsi və tələbələrindən olan Hişam ibn Həkəm səcdənin nəyin üzərinə düzgün və nəyin üzərinə səhv olması barədə İmam Sadiqdən (ə) soruşduqda, o həzrət belə demişdi: "Yer üzərinə və yer üstündə yetişən bitkilər üzərinə səcdəyə icazə verilir. Bir şərtlə ki, bu bitkilər yeyinti və geyinmək üçün yararlı olmasın.” Burada belə bir sual meydana çıxa bilər: Görəsən, alından başqa digər altı səcdə üzvünü də yer üzərinə qoymaq vacibdirmi? Bu sualla bağlı İmam Sadiqin (ə) hədislərində belə bir açıqlama vardır: "Yeri tük və yundan döşənmiş məsciddə namaz qılmağın maneəsi yoxdur. Әgər namaz qılan şəxsin alnı yer üzərinə dəyirsə.” Hədisdən aşkar şəkildə başa düşülür ki, səcdə halında yalnız alının "yer” üzərinə qoyulması vacibdir. Digər səcdə üzvlərini yer üzərinə qoymamaq da olar. Hörmətli din qardaşım! Qeyd etdiklərimiz Әhli-beytdən (ə) nəql olunan hədislərin çox kiçik bir hissəsi idi. Lakin bununla belə, bu hədislərdən açıq-aşkar şəkildə başa düşülür ki, səcdə yalnız yer üzərinə və yer üstündə yetişən, yeyinti və geyim üçün yararlı olmayan bitkilərdən başqa, digər bitkilər üzərinə edildikdə düzgün olur. Səcdə üçün lazım olan yer və əşyalar ola-ola başqa bir şey üzərinə edilən səcdə, əlbəttə ki, batildir və bu da, ümumilikdə, namazın batil olmasına gətirib çıxarır. Bu deyilənlər Әhli-beytin (ə) şəxsi rəyləri deyildir. Bu, Allah və Peyğəmbər (s) buyruqlarıdır. Çünki, Әhli-beyt (ə) elmi silsiləvari olaraq Peyğəmbərdən (s) irs almış və onun dediklərini nəql etmişlər. Ona görə də, Әhli-beytin (ə) dediklərinin düzgünlüyünə heç bir şəkk-şübhə yoxdur. Qurani-kərimin dediyi kimi: "Onlar məsum və pak edilmişlərdir. (Siz ey (Peyğəmbərin Әhli-beyti) Allah sizdən çirkinliyi yox etmək və sizi tər-təmiz (pak) etmək istəyir).” Bu şəxslər Peyğəmbərin (s) elm şəhərinin qapıları və ümmət üçün nicat gəmisi, hidayət çırağıdırlar.
SӘHABӘLӘRİN HӘYAT TӘRZİ
Biz, Peyğəmbər (s) səhabələri və o dövrdə yaşayan müsəlmanların həyat tərzinə diqqət etsək görərik ki, onlar çətin, məşəqqətli anlarda belə, ibadətlərində yer üzərinə edilən səcdəyə üstünlük vermişlər. Məşhur səhabələrdən sayılan Cabir ibn Abdullah əl-Әnsaridən nəql edilən hədisdə deyilir: "İstinin şiddətindən əlimdə bir ovuc torpaq tutdum ki, soyudum və Peyğəmbərlə (s) birlikdə zöhr namazını yerinə yetirim.” Әnəs ibn Malik rəvayət edir ki, çox isti günlərin birində Peyğəmbərlə (s) birlikdə namaz qılırdıq. İstinin şiddətindən əlimdə çınqıl saxlayıb soyudurdum ki, onun üzərinə səcdə edə bilək. Bu iki hədis vasitəsilə belə bir nəticəyə gəlirik ki, səcdə yalnız yer üzərinə edilməlidir. Әgər döşənmə əşya kimi istifadə edilə bilən və geyim üzərinə səcdə düzgün hesab edilsəydi, səhabələr əbalarının və ya əmmamələrinin üzərinə səcdə edərdilər. Çünki istinin şiddətində bu cür əşyalar üzərinə edilən səcdə, isti torpaq və çınqılı əldə soyutmaqdan daha asandır. Xəttab ibn əl-Әrt adlı səhabə belə deyir: "Әllərimizin və alnımızın səcdə edərkən istidən yandığını Peyğəmbərə (s) bildirib bu haldan şikayət etdikdə, Peyğəmbər (s) şikayətimizi qəbul etmədi.” Artıq aydın oldu ki, şəriətdə səcdə vacib ediləndən bəri, onun mənası və məğzi alnı yer üzərinə qoymaq olmuşdur. Hətta qızmar günlərdə yerin şiddətli istiliyi, çətinliklər və səhabələrin şikayətinə baxmayaraq, Peyğəmbər (s) müsəlmanlara paltar və əmmamə kimi əşyalar üzərinə səcdəni qadağan etmişdir. Çünki bu cür əşyalar "yer” adlanmır. Bəni-Üməyyə belə nəql edir: "Әbu-Bəkr namaz qılarkən yer üzərinə səcdə edirdi.” Әbi Übadə deyir: "İbn Məsud (ibadət edərkən) yalnız yerə səcdə edərdi.” Digər səhabə Übadə ibn Samit namaz qılarkən əmmaməsini alnının üstündən qaldırardı. Burada qeyd edilənlərə tarix səhifələrində çox rast gəlmək olar. Məsələn: Məsud ibn Әcdəə adlı tabii (tabii-Peyğəmbər (s) səhabələrini görmüş, lakin Peyğəmbərin özünü görməyən şəxsdir) Abdullah ibn Məsudun arif tələbələrindən biri idi. Bu şəxs Mədinə torpağından özü üçün türbət düzəldərək (namaz qılanda) onun üzərinə səcdə edərdi. Səfərə çıxarkən, ələlxüsüs gəmi ilə bir yerə səfər edəndə bu türbəti özü ilə götürərdi.