Həzrət Əli (ə) buyurur:
Muhəmməd Peyğəmbər (s) şaban
ayının son günlərinin birində Mübarək Ramazan ayının gəlişi münasibətilə bu xutbəni
buyurdu:
"Ey camaat! Allahın
ayı (Ramazan) bərəkət, rəhmət və əfvlə birgə sizə doğru üz gətirmişdir. Bu ay
Allah yanında ayların ən yaxşısıdır. Bu ayın günləri ən dəyərli günlər,
gecələri ən gözəl gecələr, saat və ləhzələri ən üstün saaatlar və anlardır.
Bu ayda siz Allahın
qonaqlığına dəvət olunaraq, Tanrının lütf və mərhəmətinə layiq görülmüsünüz. Bu
ayda sizin nəfəsləriniz zikr, yatmağınız isə ibadətdir. Pak əməlləriniz və
dualarınız Allah dərgahında qəbul olacaqdır.
Belə olan halda xalis
niyyət və təmiz qəlblə Allahdan sizə bu ayda oruc tutmağın və Quran oxumağın
müyəssər olması üçün kömək etməsini diləyin. Çünki doğrudan da, bu əzəmətli
ayda Ilahi rəhmətindən məhrum olan şəxs bədbəxtdir.
Ramazan ayında ac-susuz qalaraq, Qiyamət gününün aclıq və susuzluğunu
yada salın.
Aranızdakı ehtiyaclı və
yoxsul insanlara əl tutun! Böyüklərinizlə hörmətlə davranın. Uşaqlarınıza
nəvaziş göstərin. Yaxınlarınıza baş çəkin və onlara yardım edin. Dilinizi
pisliklərdən qoruyun. Gözlərinizi haram baxışlardan saxlayın. Qulaqlarınıza
haram eşıtdirməyin. Camaatın yetim uşaqlarına mehribanlıq edin ki, sizin
yetimlərinizlə də mehriban olsunlar. Günahlarınızın bağışlanması üçün Tanrı
dərgahına üz gətirib, tövbə edin. Hər namaz vaxti əllərinizi Onun qarşısında
aciz qul kimi açaraq, dua edin. Çünki, (namaz vaxtı duaların qəbul olunması
üçün) vaxtların ən yaxşısıdır. Allah-Təala bu vaxt öz bəndələrinə rəhmət və
mərhəmətlə baxar. Bəndəsinin istək və xahişlərini eşidər. Çağırışlarına cavab
verər. Dualarını qəbul edər.
Ey camaat! Nəfsləriniz
əməllərinizin girdabındadır. Allahdan bağışlanmanızı istəməklə onları azad
edin. Belləriniz günahlarınızın ağırlığı ilə əyilmişdir. Uzun səcdələrlə
onların ağırlığını azaldın. Bilin ki, Uca Yaradan namaz qılanları, səcdə
edənləri əzaba düçar etməyəcəyinə və onları (namaz əhlini) Qiyamət günü
insanların hesab verdiyi zaman Cəhənnəm əzabı ilə qorxutmayacağına söz
vermişdir.
Ey camaat! Hər kəs bu ayda
oruc tutan bir möminə iftar süfrəsi açarsa,Tanrı dərgahında bir qulu azad etmək
qədər dəyəri, savabı vardır. Və bu iş onun keçmiş günahlarının bağışlanmasına
səbəb olar.
(Bir nəfər soruşdu:
"Ey Allahın Rəsulu(s)! Bizim hamimizın imkanı yoxdur ki, kimisə qonaq
etsin. Nə edək?")
Peyğəmbər (s) buyurdu: "Yarı xurma dənəsini sədəqə verməklə də,
olsa Cəhənnəm atəşindən qorunun. Bir qurtum su ehsan etməklə də, olsa Cəhənnəm
odundan qurtulun.
Ey camaat! Hər kəs bu ayda
öz əxlaqını, rəftarını gözəlləşdirsə, ayaqların Sirat körpüsündə vəhşətdən
titrədiyi an, ona bu körpüdən qorxusuz olaraq keçməyə icazə verilər. Hər kim bu
ayda öz qullarının (həmçinin işçilərinin) zəhmətini azalda, Allah-Təala
Qiyamətdə onun işini asanlaşdırar.
Hər kim bu ayda insanlara
zəhmət, əziyyət verməyi azalda, Uca Tanri o biri dünyada ona qarşı qəzəbini
azaldar. Hər kəs bu ayda bir yetimi əzizləyə, Allah Axirətdə onu
əzizləyəcəkdir. Hər kim bu ayda öz yaxınlarını yoluxmağa gedə, Böyük Allah
Qiyamətdə ona rəhm edəcəkdir. Kim bu ayda qohumları ilə əlaqəni kəsərsə, Qadir
Allah o biri dünyada ona rəhm etməyəcəkdir. Kim bu ayda müstəhəb namaz qılarsa,
Tanrı ona cəhənnəm odundan bəraət verər. Kim bu ayda vacib namaz qılarsa,
başqa aylarda qılınan yetmiş namaza bərabərdir. Kim bu ayda mənə çox salavat
göndərərsə,Allah Qiyamət günü əməl tərəzisi yüngül gələndə, onu ağırlaşdırar.
Hər kəs bu ayda Qurani-Kərimdən bir ayə oxuyarsa, o biri aylarda bütünlüklə
oxunmuş Qurana bərabərdir.
Ey camaat! Bu ayda
Behiştin qapıları açıqdır. Allahdan istəyin ki, bu qapıları sizin üzünüzə
bağlamasın! Və həmçinin Cəhənnəmin qapiları da, bu ayda bağlıdır. Allaha
yalvarın ki, onun qapilarını sizin üzünüzə açmasın. Bu ayda şeytan
zəncirlənmişdir. Allaha iltimas edin ki, onu sizə hakim etməsin.
Mən soruşdum: "Ey
Allahın Rəsulu (s)! Bu ayda ən üstün əməllər nədir?"
Peyğəmbər
(s) buyurdu:"Ey Əbülhəsən! Bu ayda ən üstün əməl Allahın haram
buyurduğu işlərdən çəkinməkdir."
Elə bu vaxt Peyğəmbər(s)
ağladı.
Mən soruşdum: "Ey
Allahın Rəsulu (s)! Nə üçün ağlayırsan?"
Buyurdu: "Ya Əli (ə)!
Mən ona görə ağlayıram ki, bu ayda sənə qarşı hörmətsizlik edəcəklər. Sanki
səni namaz qılan halda görürəm, amma indiyədək gəlib-getmiş olan ən bədbəxt, ən
namərd şəxs sənə elə bir qılınc zərbəsi vuracaq ki, saqqalın al-qana
boyanacaqdır.
Soruşdum: "EyAllahın
Rəsulu (s)! Bu hadisə mənim dinə sadiq qaldığım haldamı baş verəcəkdir?"
Buyurdu (s): "Bəli,
elədir." Sonra isə əlavə etdi: "Ya Əli (ə)! Sənin canına qəsd edən
kəs, mənim canıma qəsd etmişdir. Səni qəzəbləndirən şəxs məni
qəzəbləndirmişdir. Səni təhqir edən şəxs məni təhqir etmişdir. Çünki sən mənə
özüm kimisən. Sənin ruhun, mənim ruhum deməkdir.
Uca Allah məni və səni
yaratdı və seçdi. Məni peyğəmbər, səni də imam olaraq seçdi. Deməli səni rəd
edən şəxs, mənim peyğəmbərliyimi rəd etmişdir.Ya Əli (ə)! sən mənim
vəsiyyim, övladlarımın (məndən sonraki nəslimin) atası, qızımın sevimli həyat
yoldaşı və istər mən həyatdaykən, istərsə də vəfat etdikdən sonra
canişinimsən. Sənin əmrin, mənim əmrim və qadağan etdiyin hər şey də, mənim
nəhyim sayılır. Məni Peyğəmbərliyə seçən və ən yaxşi yaradılmış qərar verən
Allaha and olsun ki, Sən Tanrının bəndələrinə höccəti, imamı və Onun yer
üzündəki xəlifəsisən!" ("Biharül-ənvar", Əllamə Məclisi, c. 96,
səh. 356; "Əl-əmali", Şeyx Səduq, c. 1, səh. 29