NƏFSİN
KAMİLLƏŞMƏSİNDƏ ALLAHI TANIMAĞIN ROLU
Söhbətimizin xülasəsi olaraq deyə bilərik ki, bütün azğınlıqların və
büdrəmələrin əsası qəflətdir; insanın özündən, öz şəxsiyyətindən, dini
vəzifələrindən qəfləti! Özünü dərk edən insan daimi olaraq Allahdan asılı
olduğunu anlayır. Anlayır ki, onun varlığı Allaha bağlı olmayacağı təqdirdə bir
heçdir.
Qəflət xəstəliyinə yoluxmamaq üçün özümüzə diqqət yetirmək və nəzarət etmək
məqsədi ilə günün müəyyən bir vaxtında "özümüzlə görüş” təyin etməliyik. Xəlvət
bir guşədə özümüzdən soruşma-lıyıq: sən kimsən? Haradasan? nə axtarırsan?
aqibətin nə olacaq? Bu proqrama hər gün müntəzəm olaraq əməl edən insan hökmən
irəli doğru addım atır.
Quran, peyğəmbər və məsum imamlardan nəql olunmuş hədislərdə Allahı zikr
etməyə çox böyük əhəmiyət verilir. Maraqlıdır ki, Allahı zikr etməyin insanın
kamilləşməsində rolu nədən ibarətdir? Bu suala adətən belə cavab verilir ki,
Allahı xatırlayan insan günaha yol vermir, vəzifələrini daha yaxşı icra edir.
Əlbəttə ki, bu cavab doğrudur. Özünü Allahın hüzurunda hiss edən insan günaha
cürət etməz, namazını əvvəl vaxtda və daha artıq diqqətlə qılar.
Amma bu deyilən faydalar çənənin yeməkdən götürdüyü faydaya bənzəyir. Yemək
zamanı daim hərəkətdə olan çənə qüvvətlənməyə doğru inkişaf etsə də yeməkdə
məqsəd çənənin inkişafı deyil. Həmçinin, Allahı xatırlamağın da daha böyük və
daha mühüm faydaları vardır. Bunu da qeyd edək ki, Allahı düşünməklə günahdan
uzaqlaşmaq heç də kiçik fayda deyil. Amma bundan da böyük faydaların olduğunu
unutmamalıyıq. Nəzərdə saxlamalıyıq ki, insan kamillik üçün yaradıl-mışdır və
bu sahədə nailiyyət daim Allahla əlaqədə olmağa bağlıdır. Allahla bağlılıq isə
insanın qəlbi vasitəsi ilə gerçəkləşir və qəlbin işi Allahı düşünməkdir. Aparılan
təhlildəki ardıcıllıqdan aydın olur ki, insanın yaranış məqsədi olan təkamül
üçün Allahı xatırlamaqdan başqa vasitə yoxdur. Ruhunu kamilləşdirmək istəyən
insan yalnız Allahı zikr etməklə məqsədinə nail ola bilər. İnsan Allahı
düşündükcə qəlbi və ruhu Allahın nuru ilə işıqlanır.
Daim zahirə diqqət edən insana elə gəlir ki, insanı uçuruma yuvarladan ən
böyük səbəb günahdır. Amma anlamırıq ki, bütün günahların arxasında Allahın
zikrindən qəflət dayanır. Bütün büdrəmələrin, çaşqınlıqların, günah-ların,
pisliklərin ilkin səbəbi Allahdan qəflətdir. Eyni zamanda insanı ibadətə, saleh
əmələ sövq edən də Allahın zikridir. Bütün deyilənləri təsəvvür və təsdiq etmək
üçün ruhumuzu nurani etməli, nəfsimizi paklaşdır-malıyıq.
Fəlsəfi baxımdan Allahla insan arasındakı əlaqə səbəblə nəticə arasındakı
əlaqə kimidir. Belə bir əlaqədə nəticənin dərk olunması səbəbin dərkidir. Yəni
nəticə səbəbi dərk etmədən özünü dərk edə bilməz. Nöqsanlı da olsa, belə bir
bənzətmə var: insan çıraqla əlaqəli bir şölədir. Əlbəttə ki, Allah nəhayətsiz
nurdur. Onun şölələri də nəhayətsizdir. Mənbəni dərk etmədən şöləni dərk etmək
mümkün deyil. Biz Allahın müqəddəs zatının şölələriyik. "Hicr” surəsinin 29-cu
ayəsində oxuyuruq: "Mən ona surət verib ruhumdan üfürdüm.” Buna görə də,
ruhumuzun təkamülü yalnız Allahı xatırlamaqla mümkündür. |