Bu gün 11 Avqust məğrib azanı radələrində Mübarək Ramazan ayının hilalı görsəndi. Ramazan ayının 1-dir!
Orucluq hər bir müsəlman üçün böyük fürsətdir.
Allah-taala bərəkətli Ramazan ayını öz mənəvi müjdələri ilə İslam ümmətinə nəsib edərək, onlar üçün dəyərli bir fürsət yaratdı. Orucluq hər bir müsəlman bəndəyə Allahın mərifət süfrəsindən bəhrələnməyə ən yaxşı və böyük fürsət verir. Bərəkətli Ramazan ayında insanların qəlbi İlahi nura boyanır, duaları vahid Allahın dərgahında qəbul olunur. Əgər oruc tutmağın insanlara maddi və mənəvi xeyri olmasaydı, böyük Yaradan onu bəndələrinə vacib bilməzdi.
Yerin ən ali varlığı olan insan dünyaya qədəm basdığı ilk gündən indiyədək Allah-taala tərəfindən nazil edilmiş dinlərə etiqad bəsləyib bu dinlərdəki müqəddəs ayin və mərasimlərə əməl edib. Həmin ayinləri isə insanlara təlim edənlər bəşəriyyətin tərəqqi və kamilliyi üçün göndərilmiş peyğəmbərlər olublar. Bu ayinlərdən biri də orucluqdur. Orucluq bəşər övladının yemək, içmək və sair bu kimi gündəlik yerinə yetirdiyi bəzi şeylərdən müəyyən olunmuş zaman çərçivəsində könüllü olaraq imtina etməsidir. Orucluğun tarixi olduqca qədimdir.
İslam dinində buyurulan bütün vacib ibadətlərlə birgə orucluq da ümumi hədəfə - bəşəriyyətin kamilləşməsinə xidmət edir. Kamillik isə Uca Yaradan tərəfindən insana bəxş edilən mənəvi nemətdir. Bu baxımdan demək olar ki, orucluq müəyyən bir müddət ərzində ac və susuz qalmaqdan ibarət olmayıb, özündə geniş anlamlar ehtiva edir. Məsələn, oruc tutan şəxs maddi nemətlərdən çəkinməklə yanaşı saleh əməllər yerinə yetirməli, gözəl əxlaq nümayiş etdirməli, ətrafdakılarla xoş davranmalı, yalan danışmamalı, ümumiyyətlə, bütün müsbət keyfiyyətlərlə mənəviyyatını zənginləşdirməlidir. Belə halda, yəni oruc tutan şəxsin bu kimi müsbət dəyərlərə, xüsusilə də bu gün ehtiyac duyduğumuz gözəl əxlaqa, mənəvi saflığa malik olduğunu görən digərlərinin qəlbində də təbii ki, iman hissi oyanar.
Ramazan ayı insanlara Allahı sevməyi öyrədir
Müqəddəs Ramazan ayı müsəlmanlara hicrətin ikinci ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlülüklərini yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər. Məhz ramazan ayının axırıncı on gecələrinin birində Quran nazil edilmişdir. Rəvayətlərə görə bu, həmin ayın ya 18-dən 19-na, ya da 20-dən 21-nə, ya da 22-dən 23-nə keçən gecə baş vermişdir. Həmin gecə "leylətul-qədr” – qüdrətli, əzəmətli gecə adlanır. Qurani-kərimin "Qədr" surəsində buyurulur:
Bismillahir Rahmanir Rahim!
Həqiqətən, biz Quranı Qədr gecəsi nazil etdik.
Bilirsənmi Qədr gecəsi nədir?
Qədr gecəsi min aydan xeyirlidir.
O gecə mələklər və ruh Rəbbinin izni ilə hər işdən ötrü enər.
O gecə dan yeri sökülənədək əmin-amanlıqdır.
" İslamda ilin ayları arasında Ramazan ayı ən şəfqətli və ən müqəddəs ay hesab edilir. Onu "on bir ayin sultanı" da adlandırırlar. Bu gecələri qəflətdə qalmamaq çox mühümdür. Bu da ibadətlə olur. Bu gecə məsləhət görülən ibadətlər dua kitablarında bəyan olunub. Ramazan ayı ərzində mühüm məqamlardan biri də Qədr gecələridir. İslam mənbələrinə görə, Qurani-kərim müqəddəs Peyğəmbərimizə məhz bu gecədə nazil olub. Odur ki, müsəlmanların hər il Ramazan ayında bu gecədə oyaq qalıb dua etmələri savab əməl sayılır. Təfsirlərdə göstərilir ki, Quran Ramazan ayının Qədr gecəsində bütöv halda Lövhi-Məhfuzdan - Allahın dərgahında hifz olunan Lövhədən aşağı səmaya və oradan Cənab Cəbrail əleyhissəlam vasitəsilə Peyğəmbərimizə (s) 23 il müddətində hissə-hissə çatdırılmışdır. Bu səbəbdən, Qədr gecəsinin savabı min ayın savabından çoxdur. Qədr gecəsi Ramazanın son on gecəsindən biridir. Hədislərə görə, bu gecə Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, 26-dan 27-nə keçən gecələrdən biridir. O gecə mələklər və Cənab Cəbrail həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək işlər barəsində Allah-Təbarəkə və Təaladan əmrlər alıb yerə enər, əmrləri çatdırarlar. Qədr gecəsi bütünlüklə xeyir-bərəkət gecəsi olar, mələklər yer üzündə gəzib, Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb, ibadət etmək müstəhəb sayılır. Əhya gecəsi və Qədr gecəsi eyni mənalı məfhumlardır.
Həmin gecə sakitsilik, əmin-amanlıq olur. Həmçinin möminin qəlbi rahat olur. Uca Allah buyurur ki, o gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır!
Həmin səhər günəş şüasız olaraq çıxır. Peyğəmbərimizin (s) səhabəsi olan Ubey İbn Kəb belə demişdir: "O bir olan Allaha and olsun ki, (Qədr gecəsi) Ramazan ayındadır. Allaha and olsun ki, mən bilirəm o hansı gecədir. Peyğəmbər (s) bizə həmin gecəni namaz qılmağı əmr etmişdir... Onun əlaməti odur ki, həmin gün səhər günəş ağapaq şüasız çıxır.”
Üzümüzə sonsuz rəhmət qapılarını açan Allaha həmd olsun. Bu gecələri əhya, qiyam etmək gərəkdir. Yəni qəflət yuxusundan oyaq halda keçirmək gərəkdir. Ramazan ayının gecələrindən birində müqəddəs kitabımız olan Qurani-kərim nazil olub. Həmin gecə "qədr" və ya "əhya" gecəsi adlanır. Qədir gecəsinin konkret olaraq hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədr gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23-cü gecələrindən biridir.
Orucluğun ən böyük ictimai faydası
Qeyd edək ki, on bir ayın sultanı olan bu müqəddəs ay özündə mənəviyyatın əvəzolunmaz dəyərlərini cəmləşdirib. Səbir, iradə möhkəmliyi, yoxsullarla həmrəylik, bir tikə çörəyə möhtac olan insanlara əl tutmaq və başqa bu kimi gözəl xüsusiyyətlər doğrudan da Ramazanın bəşər övladına əta etdiyi gözəlliklərdən, saleh əməllərdəndir. Orucluq insanın səbrini və iradəni sınağa çəkir. Yəni Allah bəndəsi halal olan şeylərdən müəyyən müddət ərzində imtina etməklə özündə səbir və iradə yaradır. Heç şübhə yoxdur ki, halal olan şeylərdən könüllü imtina edən insan haram əməllərdən çəkinmək üçün möhkəm iradəyə və fəaliyyətində güclü səbrə sahib olur. Həzrət Rəsulullah (s) bu barədə buyurub: "Orucluq səbrin yarısıdır". Bu bir ayda Yaradan bəndələrini ac saxlamaqla aclıq çəkənlərdən imkanlıları, toxları xəbərdar edir. Onlara ac qalmağın necə də çətin olduğunu bildirir, imkansızların vəziyyətini tanıtdırır. Baxmayaraq, insanlar elmdə böyük nailiyyətlərə sahib olublar, ölkələr inkişaf etməkdədirlər, amma bəşər övladı yenə də bir çox problemlər borulğanındadır. Həmin problemlərdən biri də dünyanın müxtəlif yerlərində minlərlə insanın aclıqdan əziyyət çəkməsidir. Dünyada elə imkansız insanlar var ki, onların övladları bir gecə qarnıtox, bir gecə isə qarnıac yatırlar. Bu baxımdan orucluq bəlkə də aclıq və susuzluqdan heç vaxt əziyyət çəkməyən zəngin, var-dövlət sahiblərinə yoxsulların hansı hisslər keçirdiyini yaşadır. Məhz bu səbəbdən orucluğun ən böyük ictimai faydası onun varlılarla yoxsullar arasında həmrəylik yaratmasıdır. Sevimli Peyğəmbərimiz (s) hədislərin birində güclü möminin Allah yanında zəif mömindən daha üstün və sevimili olduğunu bildirib. Çünki güclü mömin həyatda daha aktiv dini və dünyəvi işləri həyata yetirməkdə daha bacarıqlıdır. Lakin zəif mömin həyatda üzərinə düşən işlərin öhdəsindən layiqincə gələ bilmir. Şübhəsiz ki, qüvvətli olmaq üçün ilk növbədə sağlamlığı qoruyub saxlamaq lazımdır. İslam şəriətinin təyin etdiyi şəkildə oruc tutmaq isə hər bir müsəlmana sağlamlığını qorumaqda kömək edir, müxtəlif xəstəliklərdən uzaqlaşdırır. Bu isə orucluğun insanlara tibbi faydasıdır. Həqiqətən də Ramazanın, daha doğrusu, bu müqəddəs ayda oruc tutmağın fəzilətləri danılmaz və əvəzsizdir. Qeyd etdiyimiz kimi, oruc tutmağın əsas qayələrindən biri onun mənəvi faydasıdır. İlk baxışdan belə görsənir ki, insan yalnız ac, susuz qalmaq üçün oruc tutur. Amma bu heç də belə deyil. Həqiqətdə insanın nəfsi oruc tutur. Yaradan ona fürsət verir ki, bu günlərdə haramdan uzaq olmaqla öz mənəviyyatına yetişsin. Rəbbimiz bu ayı bizə vacib etməklə, elə bil ki, mənəviyyat aləminə daxil olaraq nəfsimizi paklaşdırmaq üçün imkan yaradır. Nəfsin paklığı isə mənəviyyatın yarısıdır. Bir ay ərzində insan bacardıqca öz nəfsini cilovlasa, bu növbəti aylarda da adət halına çevriləcək. İmam Cəfər Sadiq (ə) buyurub: "Ən gözəl əməlləriniz odur ki, davamiyyəti var". Şübhəsiz davamiyyətsiz əməllərin heç bir fəziləti yoxdur. Yəni o əməl gözəldir ki, nəticəsi daim göz qabağında olur. Əgər insan bu ayda oruc tutub mənəviyyatını zənginləşdirə bilibsə, növbəti aylarda da bu haləti özündə saxlamalıdır. Bəziləri düşünür ki, namaz qılmaq, oruc tutmaq və sair bu kimi dini ibadətlər çətin əməllərdir və hesab edirlər ki, Allah-taala bu kimi çətin ibadi əməllərin hamısını yalnız müsəlmanlara vacib edib. Amma belələri hələ də başa düşmürlər, yaxud başa düşmək istəmirlər ki, uca Yaradan nəyi məsləhət bilirsə, o insana xeyirdir. Digər tərəfdən, unutmaq olmaz ki, Quran da, şəriət də, ümumiyyətlə, bütün dinlər də bu dünyanı rahatlıq və istirahət dünyası deyil, zəhmət, əziyyət məkanı kimi tanıtdırır. Allah-taala digər səmavi kitablar kimi Qurani-kərimdə də bizə işarə edir ki, bu dünya imtahan və çətinlik dünyasıdır. Hətta rəvayətlər də var ki, bu dünya o birinin zəmisidir, tarlasıdır. İnsan burda nə becərirsə, axirətdə onu da biçir. Bundan əlavə, gündə 17 rükət namaz qılmaq, Ramazan ayında oruc tutmaq, uzaq Həcc ziyarətinə getmək və sair dini ayinləri həyata keçirməyin müəyyən qədər çətinliyi olsa da, fəziləti hesabagəlməzdir. İbadi əməllər məhz çətinliyinə görə ibadət əhli üçün şirinləşir. Doğrudan da həqiqi ibadət əhli ətrafda baş verən haqsızlığa, ədavətə, ayrı-seçkiliyə, ədalətsizliyə qarşı mübarizə əzmində olur. Bütövlükdə İslam dini, onun insanlara vacib buyurduğu ən kiçik əməl belə, özündə bu gün bütün bəşəriyyətin ehtiyac duyduğu haqq, ədalət, mənəviyyat, əxlaq, sevgi, xoşbəxtlik, firavanlıq və digər saysız-hesabsız xoş məramlar əxz edir. Bəlkə də bu səbəbdəndir ki, bəzi qüvvələr İslamla üz-üzə gəlmək niyyətindədirlər və bunu hər fürsətdə həyata keçirməyə çalışırlar. Hər bir müsəlman bəndə İslami dəyərləri yaşatmaqla, buyurulan insani keyfiyyətləri özündə ehtiva etməklə həm ölkəsində baş verən fəsadların qarşısını ala, həm də dininə qarşı yaranan təhlükəni asanlıqla dəf edə bilər.
ALLAHUMME BU AYI HER BIRIMIZE,SEVDIKLERIMIZE VE SEVANLARIMIZE MUBAREK QERAR VER!BEREKET ,MEGFIRET VE REHMETLE DOLU OLAN BU AYDA BIZI BU NEMATLARDAN AYRI SALMA!AMIN
Bismillah assalamu aleykum dunya müsəlmanları sizleri mərhəmət və məğfirət, rəhmət və bərəkət, gözəllik və sevgi, ALLAH-TƏALANIN yer üzünə rəhmət olaraq Həzrti QURANI nazil etdiyi bir aydir.Sizləri bir günü 83-ilə bərabər olan mahi RAMAZANDA xoş gördük. ALLAH-TƏALA tutduğunuz orucu qıldığınız namazi etdiyiniz dualari qəbuli dərgaha yetirsin inşallah.