
Ölkənin dini camiəsinin böyük hissəsini təmsil edən bir qrup ilahiyyatçı "Həzrət Fatiməyi-Zəhra (s.ə.)” məscidi ilə bağlı Azərbaycan Respublikasının prezidentinə müraciət etmişdir. Müraciətdə, o cümlədən, deyilir:
"Vətənimiz üçün bu önəmli məqamda biz, bir qrup ilahiyyatçı, ölkə başçısı kimi Sizə müraciət edirik. Müraciətimizə səbəb, "Həzrət Fatiməyi-Zəhra (s.ə.)” məscidi üçün yaranan sökülmə təhlükəsidir.
Məscidin ətrafında cərayan edən olaylar, inanclı insanların qəlbində dərin narahatlıqlar yaratmışdır. Nəinki tək ölkə dindarları bu iztirablı nigaranlığı keçirir, Türkiyədən, İrandan, ərəb dünyasından tutmuş, ümumilikdə İslam ümmətinin geniş coğrafiyasının hər tərəfindən məscidlə bağlı narahatlıqları bildirən çatdırışlar alınmaqdadır. Müstəqillik əldə etdikdən sonra, ilbəil milli-mənəvi dəyərlərə qayıdışı, inancın intibahını yaşayan Azərbaycanımızdan bu kimi həyəcanverici xəbərlərin gəlməsi, müsəlman dünyasında müəyyən çaşqınlıq yaratmışdır”.
Müraciətdə qeyd edilir ki, Qafqaz Müsəlman İdarəsinin rəhbərliyi də daxil olmaqla, ölkənin bütün inanc çevrələri "Həzrət Fatiməyi-Zəhra (s.ə.)” məscidinin ətrafında yaranan durumla bağlı narahatlıqlarını və iztirablarını izhar etmişdirlər. Və artıq İslam aləminin böyük üləmalarından olan ayətullahül-üzma Safi-Gülpayiqani cənabları da dövlət başçısına bu məzmunda xüsusi çağırışını etmişdir.
Müraciət müəllifləri bildirirlər ki, onlar da öz səslərini bu müraciətlərə əlavə edərək, "Həzrət Fatiməyi-Zəhra (s.ə.)” məscidi ilə bağlı narahatlıqların həlli ilə bağlı ölkə başçısının göstərişinizin gözləntisində olduqlarını çatdırır və təmsil etdikləri çoxminlik dindar çevrələrinin adından məscid barədə müsbət qərarın verilməsini ölkə başçısından xahiş edirlər.
Müraciətdə o da qeyd edilir ki, bir neçə il bundan öncə azanla bağlı ölkədə yaşanan bəzi narahatlıqların ölkə başçısının müdaxiləsi nəticəsində gözəl surətdə həlli - dini kəsimin diqqət mərkəzindədir və indiki həssas durumda da dinimizin banisi olan Rəsuli-Əkrəmin (s) əziz qızının adına inşa edilmiş Allah Evinin üzərindəki qara buludların aradan getməsi - məhz problemin ölkə prezidenti tərəfindən müdrikcəsinə həll edilməsinə bağlıdır.
Müraciətin sonunda bu nəcib missiya ilə bağlı Yaradandan kömək üçün dua edilir.
Müraciəti Hacı Əhliman Rüstəmov, Hacı İqbal Novruzov, Hacı Seyyid Mirkazım Əyyubzadə, Hacı Şahin Həsənli, Hacı İlqar İbrahimoğlu imzalamışlar.
|