Azərbaycan İlahiyyatçılarının separatçı rejimlə əlaqə mövzusunda bəyanatı

Məlum olduğu kimi, separatçı Dağlıq Qarabağ rejimi növbəti qondarma "seçkilər" keçirmişdir. "Novosti-Armeniya" agentliyinin yaydığı məlumatda iddia edilir ki, "seçkiləri" müşahidə edənlər arasında İİR vətəndaşı, "İran-Ermənistan dostluq assosiasiyası" adlı qurumun təmsilçisi kimi təqdim edilən Mirqasım Momeni adlı bir fərd də iştirak etmişdir. Erməni resursunun verdiyi xəbərə görə, Momeni nəinki tək "seçkiləri" müşahidə etmiş, hətta onların "problemsiz keçirilməsi"ni də qeyd etmişdir. Baş vermiş olayla bağlı Azərbaycanın bir qrup tanınmış ilahiyyatçısı bəyanat qəbul etmişdir. Bəyanatda bildirilir: "Keçirlən qondarma "seçkilər"ə müşahidəçilik edənlər arasında İİR-in vətəndaşının və İranda fəaliyyət göstərən qeyri-hökümət təşkilatının təmsilçisinin qatılması iddiası, bizdə dərin bir sarsıntı yaratmışdır. Əgər bu iddia doğrudursa, bu hal - həm hüquqa, həm qanuna, həm də inanc dəyərlərinə zidd olan bir məsələdir. Belə ki, işğal olunmuş ərazilərdə hər hansısa qondarma "seçkilərin" keçiriməsi - birmənalı olaraq, beynəlxal hüquqa zidd olan bir məsələdir. Amma bu qondarma seçkiyə legitimlik donu geyindirməyə gələnlər sırasında müsəlman ölkəsinin, özü də qonşu, qardaş və islami dəyərləri daşıyıcılığına iddia edən bir dövlətin vətəndaşının da adının keçməsi - böyük bir faciə olardı. Əslində bu iştirak olubsa, Mirqasım Momeni adlı İİR vətəndaşı və qeyri-hökümət təşkilatının təmsilçisi, vətəndaşı olan ölkənin təsbit etdiyi ali islami ideallara, bu idealların yaşanması üçün tökülmüş şəhid qanlarına, yüksək ali dərəcəli mərcəiyyət məqamına həqarət etmişdir. Bu iştirak hər hansı formada yer alıbsa, islam torpağı olan Qarabağ uğrunda canını vermiş minlərlə şəhidin ruhu təhqir edilmişdir. Onu da vurğulamağı lazım bilirik ki, hətta M.Momeni adlı fərd, Dağlıq Qarabağa seçkilərə müşahidə üçün deyil, hər hansı digər missiya ilə gedibsə belə, bunun dolayısı ilə qeyri-qanuni rejimin dəstəklənməsinə xidmət etdiyini nəzərə alaraq, işğal olmuş ərazilərdə olmaq faktını qətiyyətlə pisləyirik. Bu, mahiyyətcə, müsəlman olan bir kəsin İsrail rejiminin nəzarətində olan ərazilərə "araşdırma", "ezamiyyət" kimi səfərlər etməsinə bənzər bir haldır. Bunları nəzərə alaraq, İslam Cümhuriyyətinin müvafiq məsul şəxslərinə müraciət edir və İsrail rejimi kimi, müsəlmanların qanı üzərində qurulmuş qeyri-qanuni separatçı rejimin qondarma işlərinə hər hansı formada dəstək vermiş fərdin əməllərinin araşdırılmasını istəyirik. Əgər bu "seçkilər"də iştirak, bununla da əslində böyük harama mürtəkib olunulması və mənəvi cinayət törətməsi sübuta yetərsə, bu fərdin ən şiddətli surətdə cəzalandırılmasını və təmsil etdiyi qurumun ifşa olunmuş mahiyyətinə uyğun olaraq davranılmasını - zəruri və lazım bildiyimizi çatdırırıq. Uca Allahdan müsəlmanların vəhdətinə xələl gətirənlərin tezliklə ifşa edilməsi kimi məsələlərdə xüsusi tofiqat və hər birimiz üçün xeyir aqibətlilik diləyirik". Hacı İlqar İbrahimoğlu
Hacı Şahin Həsənli
Hacı Əhliman Rüstəmov
Hacı İqbal Novruzov
Hacı Zülfüqar Mikayılzadə
Hacı Ceyhun Cəfərov
Hacı Yusif Bağırov
Hacı Seyyid Mir Kazım Əyyubzadə
Hacı Seyyid Elman Ağayev
www.ahliman.com 2010
|