I. Quran hafizləri
II. Quranın bir yerə toplanması
III. Mövla İmam Əli (ə)-ın topladığı Quranın xüsusiyyətləri
IV. Birinci və üçüncü xəlifənin dövründə Quranla əlaqədar görülən işlər
V. Qiraətin vücuda gəlmə mərhələləri
Quran hafizləri
Səhabələr arasında Quranı əzbər bilən bir
çox şəxslər var idi. Həmçinin onların arasında Peyğəmbər (s)-in həyat
yoldaşlarından da var idi. Quranı əzbər bilənlərin adlarını bir-bir qeyd etmək
çox uzun çəkdiyinə görə onların ancaq məşhurlarının adlarını yazırıq: Əli ibni
Əbutalib (ə), Əbdullah ibni Məsud, Ubey ibni Kəb, Zeyd ibni Sabit, Osman, Məaz
ibni Cəbəl, Əbu Ərda, Əbu Əyyub, Səd ibni Ubeyd, Əbu Zeyd.
Quranın bir yerə toplanması
Bəzi səhabələr Peyğəmbər (s)-in zamanında
özləri üçün Quranı toplamışdılar. Həzrət Əli (ə) Peyğəmbər (s)-dən sonra
birinci şəxsiyyət olduğuna görə Həzrət Peyğəmbər (s) Quranı kitab halına
salmağı ona tapşırdı.
Əbubəkr Həzrət İmam Sadiq (ə)-dan nəql edir ki,
Peyğəmbər (s) Əliyə (ə) buyurdu: "Ey Əli! Bu Quran mənim yatağımın yanında,
kağız və ipək parçalarının üzərindədir. Onu bir yerə toplayın, yəhudilər
Tövratı aradan aparan kimi onu zay etməyin.
يا على القران خلف فراشى فى المصحف و
القراطيس فخذوه و اجمعوه ولا يضيعوه كما ضيعت اليهود التوراة
Beləliklə Quran Həzrət Peyğəmbərin (s) göstərişi
ilə, elə özü həyatda ikən kitab halına gətirildi. Həzrət İmam Əli (ə) Peyğəmbər
(s)-in rehlətindən 6 ay sonra Quranı təfsir və maarifi ilə bir yerdə yenidən cəm
edib bir dəvənin üzərinə qoyaraq camaata göstərdi.
Muhəmməd ibni Seyreyn Əkrəmədən nəql edir: Peyğəmbər
(s) vəfat edəndən sonra camaat Əbu Bəkr ilə biət etdilər. İmam Əli (ə) Quranı
toplamağa başladı və bu işi altı aya tamam etdi.
Muhəmməd deyir: Əkrəmədən soruşdum:
başqaları da Quranı toplamağa məşğul idilər? O, dedi: Əgər ins və cin istəsəydilər
də Əli kimi edə bilməzdilər.
Mövla İmam Əli (ə)-ın tərtib etdiyi Quranın
xüsusiyyətləri
Mövla İmam Əli (ə) Quranın təhrif olunmamağı
üçün onu toplamağa başladı və bu işi axıra qədər, kamil surətdə tamam etdi. Onun
tərtib etdiyi Quranın özunəməxsus xüsusiyyətləri var idi. O, Quranı gördüyümüz
formanı saxlamaqla yanaşı əlavə işlər də gördü:
1.
Quranı nazil
olduğu tərtiblə topladı.
2.
Bu Quran, ayələrin
nuzul səbəblərini, nazil olma məkanını və kimlərin barəsində nazil olmağını
özündə ehtiva etmişdi.
Mövla İmam Əli (ə) topladığı bu Quran irs olaraq
imamların birindən digərinə keçərək axırıncı imamın yanında olduğuna dair dəlillər
vardır. Bir rəvayətdə nəql olunur ki, Təlhə Əli (ə)-dan bu Quranın barəsində
soruşanda Əli (ə) buyurdu: "Mən bu Quranı Peyğəmbər (s)-in əmri ilə toplamışam,
onun əmri ilə də oğlum İmam Həsən (ə)-a təhvil verəcəyəm, çünki o, mənim canişinimdir.
O da öz növbəsində öz canişininə və bu cürə davam edərək sonuncu imamın yanında
qalacaqdır.”
Birinci və üçüncü xəlifənin dövründə
Quranla əlaqədar görülən işlər
Birinci xəlifənin dövrundə də onun göstərişi
ilə əldə olan Quranın nüsxələri artırıldı. Yəmayə müharibəsində 1700 nəfərə
yaxın müsəlman şəhid oldu. Onlardan ən azı 450 nəfər qare idilər. Bunun kimi
başqa işlər səbəb oldu ki, birinci xəlifə Quranı çoxaltmaq fikrinə düşdü. Qarelərin
aradan getməyi ilə Quran barəsində ixtilafın yaranmasından ehtiyyat etdi.
Təqribən 13 ildən sonra üçüncü xəlifə Osman da
Quranı çoxaltmaq fikrinə düşdü. Odur ki, bir heyət təşkil edib bu işi onlara
tapşırdı. Çox ehtimala əsasən Osman 5 ədəd Quran düzəltdirdi və onları Kufə,
Şam, Bəsrə və Məkkə şəhərlərinə göndərdi. Birini isə islamın mərkəzi olan Mədinə
şəhərində saxlatdırdı. Buna səbəb hamının o Qurana baxıb oxumağı və Quranda
ixtilafın vücuda gəlməməsi idi. Osman hər bir Quranla bir qare göndərdi ki,
onların vasitəsi ilə Quran müsəlmanlara oxunsun. Osmanın tərtib etdiyi Quran əvvəlki
Quranlar kimi nöqtəsiz və erabsız idi. Indi onlardan heç bir əsər-əlamət
qalmayıbdır.
Xəlifələrin tərəfindən Quranın artırılmasına
nisbət imamların mövqeyi müsbət idi və müxalifət etməyiblər.
Dördüncü əsrin axırlarına qədər müsəlmanlar
Quranı "Kufi” xətti ilə yazırdılar. Ondan sonra Quran "Nəsx” xətti ilə
yazılmağa başladı. Qurani-Kərim daha artıq qorunub saxlanmaq və düzgün oxunmaq
üçün onu nöqtələyib erabla yazdılar. İlk dəfə bu iş Əli (ə)-ın şagirdi Əbu Əsvəd
Duvelinin vasitəsi ilə əmələ gəldi.
Qiraətin vücuda gəlmə mərhələləri
Quranın oxunma formalarını yeddi mərhələyə bölmək
olar:
1.
Peyğəmbər (s) bəzi səhabələrə Quranı oxumaq yolunu təlim etdi. Bəzi səhabələr
də bu barədə Həzrət Peyğəmbər (s)-ə təkliflər vermişdilər. Bu mərhələnin əfradı
aşağıdakılardan ibarətdir: Əli ibni Əbutalib (ə), Ubey ibni Kəb, Əbdullah ibni
Kəb, Əbdullah ibni Məsud, Zeyd ibni Sabit, Osman ibni Əffan, Əbu Musa Əşəri və
Əbul Dərda.
2.
Birinci dəstənin
təlimi vasitəsi ilə ikinci dəstə qarelər əmələ gəldi və qiraətlər bəzi şəxslərə
nisbət verildi.
3.
Osmanın vasitəsi
ilə Quranın vahid qəraəti üçün qarelər və quranların tərtib edilməsi.
4.
Bəzi
ixtilafların nəticəsində təzə nəsil qare və hafizlərin meydana gəlməsi.
5.
Qiraətin həddindən
artıq inkişaf edib, o cümlədən "qurrae səb”-in vücuda gəlməsi.
6.
Qiraət üçüncü əsrdə
şifahi formadan yazılı formaya çevirilməyə başlandı. Bu iş bir neçə nəfərin
vasitəsi ilə oldu. Onlar Qasim ibni Səlam, Əbu Hatəm Səcistani, Əbu Cəfər Təbəri
və s. idilər.
7.
Dördüncü əsrin əvvəllərində
İbni Mücahidin Vasitəsi ilə qiraət "yeddi qiraətə” hasarlandı və bundan sonrakı
yazılar da bu səmtə yönəldi.
10-cu Dərsin Sualları
1)
Həzrət Peyğəmbər (s)-in zamanında yaşayan Quran
hafizlərindən bir neçəsini sadalayın.
2)
Sonuncu səmavi kitab olan Quranın toplanaraq bir
kitab halına salınması kimi məsuliyyətli bir işi Həzrət Peyğəmbər (s) öz zamanındamı
həyata keçirdi, ya özündən sonraya saxlayaraq ümmətin ixtiyarına qoydu?
Cavabınızı əsaslandırmaq üçün dəlil olaraq ayə və ya hədis gətirin.
3)
Həzrət İmam Əli (ə)-ın, Həzrət Peyğəmbər (s)-in rehlətindən
sonra tərtib etdiyi Quranın əlimizdə olan Quranla ümumi və fərqli cəhətləri nə
idi?
4)
Birinci və üçüncü xəlifənin dövrundə Quran ilə əlaqədar
hansı işlər görülmüşdü?